27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR

27.03.20. Oxunma sayı: 88 MÜHÜM XƏBƏRLƏR
Martın 27-si Azərbaycanda Elm Günüdür. 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Ölkəmizdə Elm Günü, eyni zamanda, AMEA-nın yaradıldığı günə təsadüf edir.
Respublika həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, ictimai fikrin formalaşdırılması və möhkəmləndirilməsində, dövlət müstəqilliyi uğrunda mübarizə yollarında AMEA-nın böyük xidmətləri var. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması və fəaliyyəti ilə xalqımız elm sahəsində mühüm uğurlar əldə etməyə nail olub. Akademiyanın keçdiyi çətin və şərəfli yol elmimizin inkişafının böyük bir tarixi mərhələsi olmaqla yanaşı, ölkəmizin tərəqqisində elmin, alim sözünün, ziyalı mövqeyinin geniş imkanlara malik olduğunu nümayiş etdirən elmi-ictimai hərəkatın, mədəni-texniki proseslərin də mühüm bir göstəricisidir. Ölkəmizdə elmin sistemli inkişafında XX əsr xüsusi mərhələ təşkil edir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə cəmiyyət həyatının digər sahələri kimi, elm də inkişafın yeni mərhələsinə qədəm qoyub. Azərbaycan elminin inkişaf etdirilməsinə dövlət səviyyəsində böyük qayğı göstərilib, ölkədə alimin və elmin nüfuzu yüksəlib. Ulu Öndərin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adı verilib.
Ulu öndər AMEA-nın keçdiyi şərəfli yolu Azərbaycan xalqının tarixində böyük səhifə kimi dəyərləndirib: “Çoxəsrlik tariximizdə böyük elmimiz olubdur. Ancaq Azərbaycan elmi heç vaxt bu qədər mütəşəkkil və bu qədər qüvvətli, güclü, çoxsahəli olmayıb. Müstəqil Azərbaycanın Elmlər Akademiyası bütün elmi potensialı özündə cəmləyərək, xalqımızın yaradıcılıq sahəsində nəyə qadir olduğunu dünyaya göstəribdir”.
AMEA alimləri Sovet dövründə fəaliyyət göstərdikləri müddətdə Azərbaycan elminin təbliği və əldə olunan nailiyyətlərin dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz xidmətlər göstəriblər. Bu illərdə xalqımızın ictimai-siyasi fikir tarixi araşdırılıb, neft və qaz yataqlarının kəşfi, işlənməsi sahəsində uğurlar əldə edilib, mexanika, riyaziyyat, informatika sahələrində əhəmiyyətli tədqiqatlar aparılıb, nüfuzlu elmi məktəblər yaradılıb, Azərbaycan dili və ədəbi dil tarixi öyrənilib.
Müstəqillik illərində də AMEA-da elmin inkişafı istiqamətində ardıcıl islahatlar həyata keçirilib. Akademiyanın strukturu əsaslı olaraq təkmilləşdirilib, fəaliyyəti müasir dövrün tələblərinə uyğunlaşdırılıb, ölkəmizin beynəlxalq əlaqələrinin inkişafı, Azərbaycan elminin dünya elminə inteqrasiyası sahəsində konkret addımlar atılıb.
Bu gün əminliklə demək olar ki, Azərbaycan Milli Elmlər Akademiyası özünün inkişafının tamamilə yeni dövrünü yaşayır. Akademik Ramiz Mehdiyev AMEA-ya rəhbərlik etməyə başladığı gündən etibarən qurumun inkişafı yönündə taleyüklü qərarlar verir, məqsədyönlü islahatlarla bu elm ocağının yeni fəaliyyət istiqamətlərini müəyyənləşdirir. AMEA rəhbəri akademiyanın idarəetmə sisteminin modernləşdirilməsi, burada aparılan tədqiqatların dünya elminin tələblərinə cavab verməsi, eləcə də ölkənin sosial-iqtisadi inkişaf istiqamətlərini əsas götürərək, elmi-innovativ fəaliyyətin gücləndirilməsini AMEA alimləri qarşısında vəzifə kimi qoyub.
Ölkədə son zamanlar elmin təbliği və alimlərimizin beynəlxalq aləmə inteqrasiyasını sürətləndirmək məqsədilə görülən işlər, qəbul olunan fərman və sərəncamlar Azərbaycan Respublikasında elmin inkişafının dövlət siyasətinin prioritetlərindən olduğunu bir daha sübut edir.
Elmi fəaliyyət sahəsində hüquqi islahatların ən böyük uğuru Milli Məclisin 2016-cı il iyunun 14-də qəbul etdiyi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli Fərmanı ilə ölkədə tətbiq olunan “Elm haqqında” Azərbaycan Respublikası Qanunudur. Bu sənəd müstəqil dövlətimizin elm siyasətinin əsaslarını təşkil edir.
Azərbaycanda “Elm günü”nün təsis olunması isə, həmin gün bütün ölkə ictimaiyyətinin diqqətinin məhz elm sahəsinə yönəlməsinə, elmin problem və vəzifələrinə yenidən baxılmasına, səmərəli əməkdaşlıq əlaqələrinin təşkilinə, eləcə də alimlərimizin ölkənin gələcək inkişafında rolunun artırılmasına imkan verir.
Bu il həm də Azərbaycanın ən böyük elm məbədi olan AMEA-nın yaradılmasının 75, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun yaradılmasının isə 70 ili tamam olur. 
OXŞAR XƏBƏRLƏR:

31.01.20 ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEVİN 150 İLLİK YUBİLEYİNİN QEYD EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
28.12.19 AMEA-NIN ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB
24.12.19 İLHAM ƏLİYEV GERÇƏKLİYİ
31.05.18 MƏHƏMMƏD FÜZULİ “DİVAN”ININ “DÜNYA YADDAŞI” BEYNƏLXALQ REYESTRINƏ DAXİL EDİLMƏSİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.02.18 MƏHƏMMƏD FÜZULİNİN TÜRKCƏ “DİVAN”ININ ƏLYAZMASI UNESCO-NUN “DÜNYA YADDAŞI” REYESTRİNƏ DAXİL EDİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla