AKADEMİK TEYMUR KƏRİMLİ MƏDƏNİYYƏT TV-DƏ ŞAH İSMAYIL XƏTAİ İRSİNDƏN BƏHS AÇIB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



AKADEMİK TEYMUR KƏRİMLİ MƏDƏNİYYƏT TV-DƏ ŞAH İSMAYIL XƏTAİ İRSİNDƏN BƏHS AÇIB

03.03.20. Oxunma sayı: 142 MEDİA / PUBLİSİSTİKA
Martın 2-də böyük Azərbaycan sərkərdəsi və şairi Şah İsmayıl Xətainin heykəlinin yerinin dəyişdirilərək yeni parka köçürülməsi ilə bağlı AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Mədəniyyət TV-də yayımlanan “Səhərçağı” verilişinə dəvət alıb. Mövzuya münasibətini bildirən akademik şairin şəxsiyyəti və yaradıcılığı ətrafında şərhlər aparıb.
Teymur Kərimli heykəlin yerinin dəyişdirilməsini müdrik qərar kimi dəyərləndirərək söyləyib ki, heykəlin də ruhu olur. O heykəl orada boğulurdu.Onu azad, sərbəst bir məkana çıxartmaq lazım idi və mən elə düşünürəm ki, güllü-çiçəkli yeni parkda Xətainin ruhu artıq azaddır, sərbəstdir. Bildirib ki, Xətai Azərbaycan ədəbiyyatı, mədəniyyəti və dövlətçilik tarixində elə bir mövqeyə malik şəxsiyyətdir ki, onu insanlar hər zaman ziyarət etməlidirlər, onun yaradıclığından, irsindən örnək götürməlidirlər.
Akademik Azərbaycanın dövlət müstəqilliyindən sonra Xətainin istər bədii, istər dövlətçilik irsinə marağın daha da artdığını qeyd edib. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Xətaiyə kitablar həsr etdiyini xatırladaraq, xüsusilə, onun “Şah İsmayıl Səfəvi: hökmdar və döyüşçünün portreti” əsərinin əhəmiyyətindən danışıb. Vurğulayıb ki, Azərbaycan bu gün ona görə inkişaf edən, müstəqil bir dövlətdir ki, onun bünövrəsi Xətai kimi sərkərdə, eləcə də onun kimi digər qüdrətli hökmdarlar tərəfindən qoyulub və həmin dövlətçilik ənənəsi Ümummilli lider Heydər Əliyev, daha sonra isə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir.
Xətainin yaradıcılığındakı orijinallıqdan, yazı üslubundan bəhs açan Teymur Kərimli şairin irsinə Avropa mütəxəssislərinin də hər zaman böyük maraq göstərdiklərini diqqətə çatdırıb, nümunələr göstərib. Qeyd edib ki, Xətai özündən sonra elə bir irs qoyub ki, o, təkcə bizim üçün deyil, bütün dünya üçün əhəmiyyət daşıyır.
Əlyazmalar İnstitutunda Xətai yaradıcılığı ilə bağlı aparılan tədqiqatlardan bəhs edən akademik şairin divanının Daşkənd nüsxəsinin və son zamanlarda əldə edilmiş Paris nüsxəsinin surətlərinin təmsil etdiyi müəssisədə qorunduğunu diqqətə çatdırıb. Paris nüsxəsi üzərində araşdırmaların davam etdyini bildirən Teymur Kərimli yaxın gələcəkdə bu istiqamətdə tədqiqatların ortalığa çıxacağını və ictimaiyyət tərəfindən layiqli qiymətləndiriləcəyinə inandığını bildirib.

https://youtu.be/0NHYg01H-mc​​​


OXŞAR XƏBƏRLƏR:

30.01.20 ULU ÖNDƏRIN SOLMAZ OBRAZI TƏSVIRI SƏNƏTDƏ
22.01.20 AKADEMİK TEYMUR KƏRİMLİ MƏDƏNİYYƏT KANALINDA ƏLYAZMALAR İNSTİTUTUNUN UĞURLARINDAN BƏHS EDİB
22.11.19 AKADEMİK TEYMUR KƏRİMLİ LENT.AZ SAYTINA MÜSAHİBƏ VERİB
14.06.19 PROFESSOR PAŞA KƏRİMOV MİLLİ QURTULUŞ GÜNÜ İLƏ BAĞLI "AzərTAC"A MÜSAHİBƏ VERİB
06.03.19 AKADEMİK T.KƏRİMLİ NƏSİMİ HUMANİZMİ HAQQINDA

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla