ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNİN 28-Cİ İLDÖNÜMÜ ANILIB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNİN 28-Cİ İLDÖNÜMÜ ANILIB

25.02.20. Oxunma sayı: 153 TƏDBİRLƏR
Fevralın 25-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş nitqi söyləyən Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli faciəni törədən erməni cəlladlarını “patoloji manyak” adlandırıb. Bildirib ki, yalnız xəstə düşüncəyə malik bir millət misli görünməmiş belə bir vəhşiliyi törədə bilər. Akademik vurğulayıb ki, onlar xalqımıza qarşı bu qəddarlığı törətsələr də, bizi ruhdan sala bilmədilər. İnsanlarımızı öldürsələr də, qədim tarixə malik qüdrətli bir xalqın ruhunu öldürə bilmədilər.
Teymur Kərimli vurğulayıb ki, xalqımıza qarşı Xocalı soyqırımı kimi vəhşiliyi yaşadan ermənilərdən müasir dövrdə intiqam almağın ən doğru yolu elmdir, inkişafdır. Biz elmin, mədəniyyətin və dövlətimizin gücü sayəsində ermənilərdən öz qisasımızı almalıyıq. Bu yolla biz şəhidlərimizin ruhunu hər zaman uca tuta bilərik.
Akademik erməni xislətinə xas olan qorxaqlığı, qəddarlığı bir çox klassik şairlərin, yazıçıların da öz əsərlərində təsvir etdiyini qeyd edib və onlardan nümunələr səsləndirib.
Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov çıxışında erməni vəhşiliklərinin tarixinə nəzər salıb, işğalçı Çar Rusiyasının ermənilərə hər zaman havadarlıq etdiyini və Xocalı faciəsinə bənzər qırğınları xalqımıza qarşı dəfələrlə törədiklərini diqqətə çatdırıb.
Xocalı faciəsinin canlı şahidi olmuş Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, dosent Raqub Kərimov ermənilərin Xocalıdakı dinc sakinlərə, qadınlara, qocalara, uşaqlara qarşı törətdikləri insanlığa sığmayan qəddarlıqlarından danışıb. O, Xocalının mərd oğullarının ermənilərə qarşı apardıqları mübarizədən də bəhs açıb.
Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Günaydın faciəyə rəvac verən həmin dövrün siyasi proseslərinin nəticələrini sadalayıb. Müasir dövrdə isə ermənilərin əməlləri haqqında real faktlar üzə çıxdığı üçün beynəlxalq aləmdə onların xislətlərinin artıq tanındığını söyləyib.
İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov Xocalıda törədilmiş qətliama Qaradağlı faciəsindən hazırlıq getdiyini bldirib, muzdlu rus ordusundan dəstək görən rəzil ermənilərə qarşı qəhrəmancasına vuruşmuş Azərbaycan igidlərindən Əlif Hacıyev, Ələsgər Novruzov, Araz Səlimov və digərlərinin şücaətlərindən danışıb.
Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi, Qarabağ müharibəsi veteranı Şöhrət Səlimbəyli Xocalı faciəsində sağ qalmış soydaşlarımızın xilas edilməsində xidmətlər göstərmiş bir döyüşçü kimi şahidi olduğu hadisələrdən ürək yanğısı ilə danışıb.
Bütün çıxışçılar Xocalı soyqırımı qurbanlarına Allahdan rəhmət diləyiblər və bu faciənin heç bir zaman unudulmayacağını bildiriblər.
Tədbir çərçivəsində institutun foyesində Xocalı soyqırımına həsr olunmuş kitab sərgisinin nümayişi olub.



OXŞAR XƏBƏRLƏR:

25.02.19 ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİ ANILIB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
24.04.18 “AZƏRBAYCAN MƏDƏNİYYƏT TARİXİNİN PROBLEMLƏRİ ƏLYAZMALARDA” MÖVZUSUNDA XVI ƏNƏNƏVİ RESPUBLİKA ELMİ-NƏZƏRİ KONFRANS
26.02.18 ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR EDİLMİŞ ANIM MƏRASİMİ KEÇİRİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla