ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEVİN 150 İLLİK YUBİLEYİNİN QEYD EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEVİN 150 İLLİK YUBİLEYİNİN QEYD EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

31.01.20. Oxunma sayı: 109 MÜHÜM XƏBƏRLƏR
2020-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi tamam olur.
Əbdürrəhim bəy Haqverdiyev öz məşhur sələflərinin ədəbi ənənələrinin layiqli davamçısı və geniş erudisiyaya malik müasir dünyagörüşlü maarifpərvər ziyalı kimi çoxşaxəli fəaliyyət göstərmiş, Azərbaycan realist ədəbiyyatını və maarifçi-demokratik fikrini yeni mərhələyə qaldıraraq milli düşüncənin inkişafında əhəmiyyətli rol oynamışdır. Ustad sənətkarın dramaturji irsi ölkəmizdə teatr mədəniyyətinin yüksəlişinə yol açmışdır. Onun canlı həyat lövhələri ilə son dərəcə zəngin hekayələri nəsr tariximizin ən qiymətli nümunələri sırasında xüsusi yer tutur. Vətənpərvər ədib sevdiyi və təmənnasız xidmətində dayandığı xalqın arzu və istəklərini əsərlərində dolğun əks etdirmiş, maarifçiliyin alovlu təbliğatçısı olaraq daim mədəni oyanışa və tərəqqiyə səsləmişdir. Əbdürrəhim bəy Haqverdiyev Azərbaycanın ictimai həyatında fəal iştirak etmiş və sosial-mədəni quruculuq işlərində yorulmadan çalışmışdır.
Əbdürrəhim bəy Haqverdiyevin adının UNESKO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi çoxəsrlik ədəbiyyatımızın parlaq siması olan ədibin mənəvi sərvətlərimizi və ali ümumbəşəri dəyərləri özündə təcəssüm etdirən humanist ruhlu yaradıcılığının lazımınca və yüksək qiymətləndirilməsinin aydın təzahürüdür.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan xalqının ədəbi-bədii və mədəni-ictimai fikir xəzinəsinə töhfələr bəxş etmiş qüdrətli söz ustası Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük ədib Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 yanvar 2020-ci il.
OXŞAR XƏBƏRLƏR:

18.01.20 MƏNƏVİ İRSİMİZİN YORULMAZ TƏDQİQATÇISI
24.12.19 İLHAM ƏLİYEV GERÇƏKLİYİ
10.08.19 YAZILI ABİDƏLƏRİN, MEMUAR ƏDƏBİYYATIMIZIN YORULMAZ TƏDQİQATÇISI
06.03.19 AKADEMİK T.KƏRİMLİ NƏSİMİ HUMANİZMİ HAQQINDA
02.10.17 CAHANGİR QƏHRƏMANOV - 90

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla