ULU ÖNDƏRIN SOLMAZ OBRAZI TƏSVIRI SƏNƏTDƏ » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ULU ÖNDƏRIN SOLMAZ OBRAZI TƏSVIRI SƏNƏTDƏ

30.01.20. Oxunma sayı: 83 MEDİA
Bugünlərdə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun nəşr etdirdiyi “Təsviri sənətdə Heydər Əliyev obrazı” adlı irihəcmli kitabın titul vərəqində yazılıb: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikada siyasi hakimiyyətə gəlişinin 50 illiyinə ithaf olunur”. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin həmin fundamental nəşr barədə redaksiyamıza göndərdiyi yazını ixtisarla oxucularımıza təqdim edirik:

- Adətən, ulu öndərə həsr edilmiş elmi əsərlərdə onun fəaliyyətinin ictimai-siyasi, tarixi, ideoloji, ədəbi qaynaqları tədqiqat obyektinə çevrilir. Hazırkı kitabda isə ulu öndərin təsviri sənətdə yaradılmış bədii obrazları elmi tədqiqatın əsasını təşkil edir. Bu baxımdan kitab həm mövzusuna, həm də elmi istiqamətinə, tədqiqat obyektinə görə seçilir və kifayət qədər orijinal təsir bağışlayır.
Kitab AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda hazırlanmışdır. Onun müəllifləri AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadə və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalovdur. Kitabın elmi redaktoru tanınmış heykəltəraş, akademik Ömər Eldarovdur. AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli monoqrafiyaya geniş ön söz yazmışdır. AMEA-nın müxbir üzvü, professor Rəna Məmmədova və Rusiya Federasiyasının Əməkdar rəssamı, professor Leyla Xasyanova kitaba rəy vermişlər. Kitab nəfis poliqrafik səviyyədə, Azərbaycan və rus dillərində çap edilmişdir.
Bu kitab təsviri sənətdə Heydər Əliyev obrazını əsas tədqiqat obyekti kimi müəyyənləşdirən ilk irihəcmli elmi əsərdir. Əlbəttə, rəssamlıq sənətində ulu öndərin portretlərinə həsr edilmiş çoxsaylı yazılara, məqalələrə rast gəlmək olar ki, müəlliflər bu barədə hazırkı tədqiqatda yetərincə məlumat vermişlər. Elə onların özü çoxdan bəridir ki, həmin mövzuda müxtəlif məqalələr dərc etdirmiş, elmi konfrans və seminarlarda məruzələrlə çıxış etmişlər. Lakin problemin əhatəli elmi qoyuluşu baxımından bu monoqrafiya ilk fundamental araşdırma olub təsviri sənətdə Heydər Əliyev obrazını sistemli tərzdə, ciddi elmi müstəvidə işıqlandırmışdır. Bu baxımdan əminliklə demək mümkündür ki, hazırkı araşdırma bu mövzuda olan ilk böyük təşəbbüsdür və sənətşünaslıq elmi üçün xüsusi əhəmiyyət kəsb edir.     
Kitab giriş, üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Burada ulu öndərin Azərbaycan və xarici ölkə rəssamları tərəfindən yaradılmış xeyli sayda obrazı əks olunmuş, əsərlərin sənətşünaslıq təhlili verilmiş, onların müasir Azərbaycan incəsənətinin inkişafındakı rolu və əhəmiyyəti öyrənilmişdir.
Akademik İsa Həbibbəyli kitaba yazdığı ön sözdə bu tədqiqatın əhəmiyyətini vurğulamış, əsərin milli sənətşünaslığın inkişafındakı rolunu qeyd etmişdir. Görkəmli alim kitabın ərsəyə gəlməsinə böyük önəm verir. Təsadüf deyil ki, akademik İsa Həbibbəyli öz giriş sözünü ulu öndərə layiq bir adla – “Azərbaycan təsviri sənətinin şərəfli mövzusu” – adlandırmışdır. Həqiqətən də, Heydər Əliyev kimi qüdrətli şəxsiyyətin bədii obrazının elmi təhlili milli sənətşünaslığımızın qarşısında duran şərəf dolu vəzifələr cərgəsindədir. Alim ön sözdə yazır: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bədii obrazı müasir təsviri sənətin çox maraqlı, aktual, rəngarəng əsərlərlə zəngin olan məsuliyyətli və şərəfli mövzularından biridir. Azərbaycanın və dünyanın bir çox istedadlı rəssamları ulu öndərin bədii-estetik baxımdan mükəmməl və fərqli portretlərini yaratmışlar. Onların içərisində dünya miqyasında seçilən, korifey fırça ustalarından tutmuş tanınmış rəssamlara və özünəməxsus sənət duyumuna malik həvəskarlara qədər, ulu öndərlə uşaqlıq illərindən yaxın olan təcrübəli qocaman sənətkarlara və ibtidai siniflərdə oxuyan vətənpərvər məktəblilərədək simalar tapmaq mümkündür. Bu rəssamlar həm Azərbaycanı, həm də dünyanın digər ölkələrini təmsil edirlər”.

Yazıda daha sonra deyilir:
-Tədqiqatın mahiyyəti və ideya-bədii xüsusiyyətləri onun giriş hissəsində aydın əks olunmuşdur. Müəlliflər qeyd edirlər ki, “Çağdaş Azərbaycan sənətşünaslığı qarşısında duran, öyrənilməsi vacib olan əsas mövzulardan biri də ümummilli lider Heydər Əliyevin təsviri və dekorativ-tətbiqi sənətdə yaradılmış çoxsaylı, çoxcəhətli obrazlarının elmi müstəvidə araşdırılması, təhlil edilməsidir. Bu əhatəli mövzu elmin inkişaf etdirilməsinin prioritet prinsiplərindən olan azərbaycançılıq ideyalarının bilavasitə təcəssümüdür. Ulu öndərin bədii obrazlar qalereyasının tədqiq edilməsi müasir Azərbaycan incəsənətində estetik, ideya-bədii xüsusiyyətlərin və milli-vətənpərvərlik tematikasının qarşılıqlı əlaqələrinin təhlilinə imkan yaradır”. Müəlliflər əsərdə bu fikri inkişaf etdirərək ulu öndərin təsviri sənətdə yaradılmış bədii obrazının hərtərəfli, universal təsvirini diqqətə çatdıra bilmişlər.
Kitabın elmi metodologiyası sənətşünaslıq təhlilləri, ümumiləşdirmələr və təsnifatlar üzərində qurulmuşdur. Azərbaycan sənətşünaslığında ilk dəfə olaraq təsviri sənətdə Heydər Əliyev obrazı konseptual kontekstdə ümumiləşdirilmiş, onun ideya-bədii, estetik, ictimai-siyasi, mənəvi-əxlaqi və tərbiyəvi xüsusiyyətlərinə qiymət verilmiş, bu obrazın müstəqilik dövrü Azərbaycan incəsənətindəki mövqeyi və daşıdığı əhəmiyyət əsaslandırılmışdır. Müəlliflər qeyd etmişlər ki, ideya-bədii baxımdan ulu öndərin bədii obrazı milli-vətənpərvərlik mövzusunun mühüm tərkib hissəsi olub müasir incəsənətdə böyük ideoloji təsir qüvvəsinə malikdir. Kitabda həmçinin sənətşünaslıq təsnifatı baxımından bir sıra maraqlı yeniliklər əldə edilmiş, Heydər Əliyevin portretlərinin xarakterik xüsusiyyətləri müəyyənləşdirilmiş, öz əksini tapmışdır.
Əlbəttə, sözü gedən kitab haqqında çox danışmaq olar. Bu kitab təsviri sənətdə ulu öndərə həsr edilmiş əsərlərin sənətşünaslıq tədqiqinə yönəlmiş ilk fundamental akademik nəşrdir və bu baxımdan böyük əhəmiyyətə malikdir. Bunu da vurğulamaq vacibdir ki, kitaba ulu öndərə həsr edilmiş bədii əsərlərin heç də hamısı deyil, yalnız müəyyən bir qismi, ən əhəmiyyətliləri daxil edilib. Kitabda qeyd olunduğu kimi, bu böyük, çoxşaxəli mövzunu yalnız bir tədqiqat işində əhatə etmək əslində mümkünsüzdür.

Akademik Teymur Kərimli qeydlərinin son hissəsində bildirir:
Bu gün təsviri sənətdə Heydər Əliyev mövzusu olduqca populyardır. Rəssam və heykəltəraşlar böyük həvəslə bu mövzuya müraciət edir, yeni-yeni əsərlər yaradırlar. Həm də bu, təkcə Azərbaycan incəsənətinə aid deyil. Bu gün Heydər Əliyev mövzusuna Türkiyə, Rusiya, Ukrayna, ABŞ incəsənətində böyük maraq vardır.
Özündə qüdrətli azərbaycançılıq ideyalarını ehtiva edən Heydər Əliyev mövzusu müasir incəsənətin daim diqqət mərkəzindədir. Bunu nəzərə alan müəlliflər həmin konseptual mövzu üzərində işləməkdə davam edir, ulu öndərin Azərbaycan və dünya təsviri sənətində işlənmiş portretlərini toplayır, onları təhlil edir və sistemləşdirirlər. Şübhə yoxdur ki, gələcəkdə Heydər Əliyevin təsviri sənətdə bədii obrazına həsr edilmiş yeni, daha böyük elmi əsərlər işıq üzü görəcəkdir.

Hazırladı:
R.TAHİR,

“Xalq qəzeti”
OXŞAR XƏBƏRLƏR:

22.01.20 AKADEMİK TEYMUR KƏRİMLİ MƏDƏNİYYƏT KANALINDA ƏLYAZMALAR İNSTİTUTUNUN UĞURLARINDAN BƏHS EDİB
22.11.19 AKADEMİK TEYMUR KƏRİMLİ LENT.AZ SAYTINA MÜSAHİBƏ VERİB
14.06.19 PROFESSOR PAŞA KƏRİMOV MİLLİ QURTULUŞ GÜNÜ İLƏ BAĞLI "AzərTAC"A MÜSAHİBƏ VERİB
05.04.19 RUSİYA MƏTBUATI ƏLYAZMALAR İNSTİTUTUNUN FƏALİYYƏTİNİ İŞIQLANDIRIR
06.03.19 AKADEMİK T.KƏRİMLİ NƏSİMİ HUMANİZMİ HAQQINDA

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla