NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ

27.12.19. Oxunma sayı: 260 NƏŞRLƏR
Xəbər verdiyimiz kimi, “Nəsimi ili” çərçivəsində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun hazırladığı daha bir nəşr- “Bilinməyən Nəsimi” adlı kitab işıq üzü görüb. Nəsiminin naməlum şeirlərindən ibarət kitabın elmi məsləhətçisi akademik İsa Həbibbəyli, elmi redaktoru akademik Teymur Kərimli, tərtibçisi isə filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadədir. Akademik Teymur Kərimli eyni zamanda kitaba ön sözün də müəllifidir. Sözügedən müqəddiməni oxuculara təqdim edirik:

Bizim eranın (mən Azərbaycanın 1969-cu ildə başlamış yeni erasını nəzərdə tuturam – T.K.) 5-ci ilində (Qriqori təqvimi ilə 1973-cü il – T.K.) ki, bir növ yubiley ili də saymaq olar, dahi Azərbaycan şairi və mütəfəkkiri Seyid İmadəddin Nəsiminin də 600 illik yubileyi Azərbaycanın dahi oğlu Ümummilli Lider Heydər Əliyevin vətənsevərlik səyi və qeyrəti ilə ilk dəfə UNESCO səviyyəsində təntənə ilə bayram edildi.
Onda mənim 20 yaşım vardı, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin 3-cü kursunda təhsil alırdım və yadıma gəlir ki, Heydər Əliyevin müdrik rəhbərliyi ilə yüksək səviyyədə keçirilən bu yubiley doğrudan da bir ümumxalq bayramına çevrilmişdi və hamıdan çox da sevinən, heç şübhəsiz ki, ədəbi ictimaiyyət və bu ictimaiyyətə təzə-təzə addım basan biz filoloq-tələbələr idik. O zaman təbii ki, Nəsiminin şəninə bir çox əsərlər yazılmış, sənət nümunələri yaradılmışdı. Professor Cahangir Qəhrəmanov ərəb əlifbası ilə şairin külliyyatının elmi-tənqidi mətnini, akademik Həmid Araslı isə “Seçilmiş əsərləri”ni nəşr etdirmişdi. Onu da yada salım ki, Həmid Araslının nəşri əsasında hazırladığımız Nəsimi ikicildliyi latın qrafikalı yeni Azərbaycan əlifbası ilə kütləvi nəşrlər haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 25 min tirajla çap edilib ölkənin bütün kitabxanalarına göndərilmiş, Nəsimi irsinin vurğunlarına çatdırılmışdır.
Nəsiminin 600 illik yubileyinin yüksək səviyyədə qeyd edildiyi zaman biz tələbələr arasında da Nəsimi yaradıcılığından ilhama gəlib söz qoşanlar az deyildi və deyəsən, bizdən yuxarı kurslardan birinin qələm əhli olan tələbəsi Nəsimi qəzəlinə bu beytlə başlanan bir nəzirə də yazmışdı:

Min il keçsə, Nəsiminin nəfəsi
Təzətərdir, təzətərdir, təzətər!
Onun ömrü dünyamızın ömrünə
Bərabərdir, bərabərdir, bərabər!

Bəli, budur, bu sözlərin yazılmasından 50 ilə yaxın bir vaxt keçdi və məlum oldu ki, yarım əsr bundan öncə “Nəsiminin nəfəsi” necə “təzətər” idisə, indi də eləcə qalıb və ədəbiyyatımızın, mədəniyyətimizin, humanizmimizin, tolerantlığımızın, “Azərbaycan xalqının həyat obrazı olan multikulturalizmimizin (Prezident İlham Əliyev) bu “gülü” praktik olaraq solmazdır və hər bir yeni nəsillə yenidən qönçələnir, yenidən açılır, xoş ətri, rayihəsi yenidən saçılır, insanlara ruh və ümid verir...
Azərbaycan Prezidenti cənab İlham Əliyevin yüksək Sərəncamı ilə elan edilmiş “Nəsimi ili” başa çatmaq üzrədir. Bu il ərzində böyük filosof-şairimizin ölməz irsinin tədqiqi, təbliği, tərcüməsi, təşviqi, dünyada tanıdılması istiqamətində möhtəşəm işlər görüldü, layiqli, sanballı əsərlər yazıldı, musiqilər bəstələndi, heykəllər yonuldu, müxtəlif təşkilatlarda, xarici ölkələrdəki Azərbaycan səfirliklərində, mədəniyyət mərkəzlərində, tədris qurumlarında onlarla tədbirlər keçirildi.
Azərbaycan Milli Elmlər Akademiyasının institutları da bu böyük sənət və elm bayramından kənarda qalmadı. İmadəddin Nəsiminin qiymətli əlyazmalarının qorunduğu və tədqiq edildiyi AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu neçə müddətdən bəri üzərində işlədiyi bir Nəsimi layihəsini nəhayət sona çatdırıb, “Nəsimi ili”nin yekunlarından biri kimi çapa təqdim edir.
Bu – Seyid İmadəddin Nəsiminin indiyə qədər yalnız əlyazma halında mövcud olan, Azərbaycanda indiyə qədər çap olunmadığı üçün geniş oxucu kütləsinin əli çatmayan, dünyanın ayrı-ayrı kitab saxlanclarında qorunan əsərlərinin hazırlanıb çapa təqdim edilməsi layihəsi idi ki, Tanrının köməyi ilə uğurla başa çatdırıb, çağdaş əlifbaya transliterasiya edərək nəşrə hazırladıq.
Bu əsərlərdən bəziləri əvvəlki naşirlərə məlum olsa da, müəyyən səbəblər üzündən çapa getməmişdi; bəziləri qardaş Türkiyədə müxtəlif dərgilərdə nəşr olunmuşdu; bəzilərini isə Əlyazmalar İnstitutunun əməkdaşları ilk dəfə aşkara çıxarmışlar.
Qeyd etməliyəm ki, yüksək Prezident Sərəncamının işığında tapılaraq çapa təqdim edilən əlyazmalar Azərbaycandakı Nəsimi nəşrləri ilə diqqətlə tutuşdurulmuş, yalnız yeni əsərlər və ciddi nüsxə fərqlərinə malik olan örnəklər seçilərək çapı lazım bilinmişdir.
Yaxın və Orta Şərqdə XV yüzillikdən başlayaraq böyük nüfuz sahibi olan İmadəddin Nəsiminin əsərlərinə yüzlərlə nəzirələr yazılmış, hətta bir sıra şairlər onun təsiri altında “Nəsimi” ədəbi təxəllüsü ilə də şeirlər yazmışlar. Buna görə də bəzən hansı şeirin “bizim” Nəsimiyə, hansının isə başqasına aid olduğunu müəyyən etmək çətinlik törədir. Əlbəttə, bu zaman yenə də mətnşünasın köməyinə Seyid İmadəddin Nəsiminin təkraredilməz dil və üslub gözəlliyi, özünəxas leksikası, özü demişkən: “quş dili” çatır və orijinalı bənzətmədən, həqiqini sünidən ayırmaq asanlaşır.
Türkiyə, İran, Almaniya, Bosniya və Herseqovina, Özbəkistan və b. ölkələrdən surəti əldə edilmiş Nəsimi əlyazmalarının elmi-tənqidi mətnini deyil, populyar nəşrini oxuculara təqdim etdiyimizdən, akademik nəşrlərdəki kimi, qaynaqları titizliklə göstərməyi lazım bilmədik. Mütəxəssislərin maraqlanacağı halda, Əlyazmalar İnstitutuna müraciət edərək bu barədə məlumat almaqlarına hər zaman açığıq.
İndi isə, Azərbaycanda ilk dəfə çap olunan Seyid İmadəddin Nəsimi əsərlərinin bədii məziyyətlərinə qısaca nəzər salmaqla, kitaba yazdığımız “Ön söz”ü bitirmək istərdik.
Yalnız bir haşiyə çıxmaq istərdik ki, Nəsiminin ilk dəfə nəşr olunan əlyazmalarının bir çoxunun katibləri dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin əllərindən dad çəkdiyi və yandığından hətta qarğış tökdüyü katiblərdən mətnə sərbəst yanaşmaqda və külli miqdarda təhriflərə yol verməkdə heç də geri qalmırlar. Bəzən Nəsimi mətnini, sözün həqiqi mənasında qırıntıların əsasında bərpa etmək lazım gəlir.
Nə isə... Bununla işimiz yoxdur, yalnız Məhəmməd Füzulinin türkcə divanında o cür savadsız katiblər haqqında dediyi məşhur həcv-qitəni örnək gətirməklə kifayətlənirik:

Qələm olsun əli ol katibi-bədtəhririn,
Ki fəsadi-rəqəmi surumuzu şur eylər.
Gah bir hərf süqutilə qılar nadiri nar,
Gah bir nöqtə qüsurilə gözü kur eylər...

El arasında deyərlər ki, axar su murdar götürməz. Nəsimi şeiri də dumduru axar su kimidir, buna görə də yad cisim, saxta söz, ifadə götürmür, katiblər nəyisə zorla pərçimləyəndə isə qiymətli qaş-daşın arasındakı şüşə muncuq kimi o dəqiqə nəzərə çarpır.
İlk dəfə çapa təqdim edilən Nəsimi şeirlərinin bir qismi İslam peyğəmbəri və onun ailə üzvlərinin şəninə həsr edilmiş dini məzmunlu mədhiyyələrdir ki, zənnimizcə, onların bir hissəsi Nəsiminin əvvəlki naşirlərinə məlum olmuş, ancaq dövrün ideoloji tələbləri nəzərə alınaraq çapa təqdim edilməmişdir. Bu qəbildən olan şeirlərdə adətən peyğəmbərdən başlayaraq bütün ailə üzvlərinin adları növbə ilə çəkilir, onların şəninə müxtəlif təriflər deyilir. Məsələn, aşağıdakı qəsidədən verdiyimiz bir neçə beyt örnək ümumilikdə bu cür şeirlərin hamısı üçün xarakterik sayıla bilər:

Ya Rəsulullah, sənsin sədri-bədri-kainat,
Tələti-rüxsarinizdən məst olubdur şeş cəhat.

Ol zaman kim ərşə çıqdın, ya Rəsulullah sən,
Qabə-qövseynə irişdin dər şəbi-qədri-bərat.

Şahi-mərdani-Əlidir övliyalar sərvəri,
Həm ana rəbbül-əladən kəşf olubdur müşkilat.

Şah Həsən oldı çırağı övliyanın, sərvəri,
Şah Hüseyni-Kərbəladır təşnəyi-abi-Fərat...

Nəsiminin ilk dəfə çap olunan dini məzmunlu əsərləri arasında bir süjetli qəsidəsi də maraq doğurur. Belə güman edirik ki, bu, şairimizin yeganə süjetli qəsidəsidir. Əsərin məzmunu bir dini rəvayətdən götürülmüşdür.
Bir dəfə Peyğəmbər əleyhüssəlamın məclisində əshabla birlikdə Tanrının mələyi Cəbrayıl da oturub söhbət edirmişlər. Birdən Salmanla Əli içəri girir və onu görən Cəbrayıl ayağa qalxır. Peyğəmbər soruşur ki, ya Cəbrayıl, biz söhbət edən zaman xeyli hörmətli adam içəri girdi, sən onlardan heç birinin ayağına durmadın. Səbəb nə oldu ki, məhz Əlinin ayağına durdun?
Cəbrayıl cavab verir ki, Tanrı məni yaradanda hələ yerlə göy bir-birindən ayrılmamışdı, heç bir canlı məxluq yox idi. Tanrı bir dəniz yaratdı və mənə dedi ki, get seyr elə. O dəryada bir oğlan gördüm, ondan soruşdum ki, sən kimsən? Cavabında mənə elə qəzəblə baxdı ki, qanadlarım yanıb külə döndü. Altı min il bu halda qaldım. Axırda Tanrıdan vəhy gəldi ki, o oğlan ki, sənin qanadlarını yandırmışdı, ona yalvar, bəlkə günahından keçsin.
Mən belə də elədim. O şəxs məni bağışladı və yenidən qanadlanıb uçmağa başladım. İndi qapıdan içəri girən oğlan həmin şəxs idi, ona görə də ayağa durdum...

Ol zəman vardım, səlam verdim, təzərrö eylədim,
Bir nəzər qıldı ol oğlan, ol zəman buldum şəfa.
Ol bu oğlandır ki, binmiş omuzinə, ya Rəsul,
Ol zəman dərya yüzündə bana qılmışdı cəfa.

Dini məzmunlu şeirlərlə yanaşı, Nəsimi yaradıcılığının özəyini təşkil edən insan gözəlliyinin vəsfinə həsr olunmuş şeirlər də əldə edilmiş və müvafiq düzəlişlərdən sonra ilk dəfə oxuculara təqdim edilir. Şairin indiyədək çap olunmuş əsərlərindən bizə məlum olan poetik obrazlardan və bədii ifadə vasitələrindən bu şeirlərdə də geniş istifadə olunmuşdur. Örnək üçün bir neçə beyti diqqətə çatdırmaq istərdim:

Kişi kim mərifətdə kamil olmaz,
Ana nuri-inayət vasil olmaz.

Şəriətdə mükəmməl olan adəm
Həqiqət aləmində qafil olmaz.

Xudaya, verməgil cahilə dövlət,
Ki cahil dövlətə heç qabil olmaz.

Xəlayiq qüssə ilə qıldı ahı,
Qəmi-qüssədə nəsnə hasil olmaz.

Hünər babında laf urma, Nəsimi,
Özün ögən kişilər aqil olmaz.

Məlumdur ki, mürşidi Fəzlullah Nəiminin amansızlıqla qətlindən sonra müxtəlif ölkələrə səyahət etmiş Nəsimi bir müddət Anadoluda olmuş, əsası İslam filosofu və şairi Hacı Bəktaş Vəli (1209-1271) tərəfindən qoyulmuş Bəktaşi ordeninin üzvləri tərəfindən rəğbətlə qarşılanmış, onlarla əqidə yaxınlığı nümayiş etdirmişdir. Nəsiminin bəktaşilərə həsr etdiyi, Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərindən tapılmış “Bəktaşilər” rədifli kiçik bir qəzəl də bu kitabda yer almışdır:

Məşrəbidir, hər kəsə yaran olur bəktaşilər,
Kimsə bilməz sirlərin, seyran olur bəktaşilər.

Süfrəsində nanü nemət toptolu şamü səhər,
Varını sərf etmədə mərdan olur bəktaşilər.

Öldülər ölməzdən əvvəl, buldular Həqqi əyan,
Zümreyi-irfan içində can olur bəktaşilər.

Dəsti-pirdən bir qədəh nuş etdilər bəzmi-ələst,
Daima əsrük gəzər, məstan olur bəktaşilər.

Nəsimi yaradıcılığının janr müxtəlifliyi içində çox geniş yer tutan rübai və tuyuğları da kitabda zəngin örnəklərlə təmsil olunmuşdur. Tuyuğlarda Nəsimi üslubuna uyğun olaraq, insanın böyüklüyü və gözəlliyi tərənnüm olunur, onun bütün kainatda tayının-bərabərinin olmadığı dönə-dönə poetik təsvir obyekti kimi nəzərə çatdırılır, insan üzünün və başqa bədən üzvlərinin ilahi simvolikası açılır. Örnək üçün bir neçə tuyuğa nəzər salaq:

Adəmi bu kainata can imiş,
Adəmi inkar edən şeytan imiş.
Nəfsini bilən kişi sultan imiş,
Məzhəri-həqqi bilən insan imiş.

Ey xətin Xızr, abi-heyvandır sözün,
Söylə, ey can, söylə kim, candır sözün.
Rəhməti-həq, nuri-rəhmandır sözün,
Sərbəsər İncilü Fürqandır sözün.

Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ildə 70 yaşı tamam olan Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Ümummilli Lider Heydər Əliyevin Azərbaycan elmi və mədəniyyəti qarşısında həyata keçirdiyi bitib-tükənməyən xidmətlərindən biri kimi dövlət müstəqilliyimizin gündən-günə möhkəmləndiyi bir dövrdə öz üzərinə düşən vəzifələrin öhdəsindən gəlmək üçün əzmlə çalışmaqdadır. İnstitutda uzun illərdən bəri Nəsimi irsinin naməlum örnəklərinin də dünyanın müxtəlif kitab və əlyazma saxlanclarından əldə edilib xalqa çatdırılması yönündə aparılan işin yekunu olaraq “Bilinməyən Nəsimi” kitabı oxuculara təqdim edilir.
Qardaş Türkiyədə son zamanların axtarışları nəticəsində Nəsiminin çap olunmuş şeirlərindən də yararlanmışıq ki, onların arasında Məhməd Fateh Köksalın və Məsud Qaraquşun jurnal məqalələrində yer almış poetik örnəklər karımıza gəldi.
Kitabın ərsəyə gəlməsində İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun, şöbə müdirləri, filologiya üzrə fəlsəfə doktorları Əkrəm Bağırovun, Kərimulla Məmmədzadənin, Nigar Babaxanovanın, mətnləri ərəb əlifbasından transliterasiya etmiş Tünzalə Seyfullayevanın, Xoşqədəm Mirzəyevanın, kitabın bədii-texniki tərtibatını vermiş tarix üzrə fəlsəfə doktoru Cavid Cəfərovun xidmətlərini xüsusi qeyd etmək istərdim.


Teymur KƏRİMLİ
OXŞAR XƏBƏRLƏR:

18.06.19 Ə.NƏCƏFZADƏNİN “NİZAMİNİN TÜRKLÜYÜ VƏ TÜRKLÜYƏ MÜNASİBƏTİ AZƏRBAYCAN NİZAMİŞÜNASLIĞINDA” MONOQRAFİYASI NƏŞR OLUNUB
21.12.18 FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
13.07.18 ƏLYAZMALAR İNSTİTUTUNUN DOKTORANTININ YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla