FƏXRƏDDİN ƏLİ-80 » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi portalı
AZ EN



FƏXRƏDDİN ƏLİ-80

04.04.18. Oxunma sayı: 154 Yubiley

Əvvəl-əvvəl onun yaradıcılığı ilə tanış oldum və bu parlaq yaradıcılıq nümunələri sanki əlimdən tutub, məni sənətkarın zəngin daxili-mənəvi dünyasına gətirdi, onun obrazlar aləminə aşına etdi. Rəssamın yetkin ifaçılıq texnikası, fərdi üslub çalarları ilə yanaşı onun düşüncə tərzi, rənglər və cizgilər vasitəsi ilə fikir ifadə etmək qabiliyyəti, xırda detalları belə obrazlaşdırmağı bacarmaq məharəti diqqətimi çəkdi. Əmin oldum ki, rəssam milli miniatür sənətimizin öncül ənənələrini qavraya bilmiş, bu xəzinədən kor-koranə deyil, yaradıcı şəkildə bəhrələnən və onun örnəklərini müasir dövrdə yeni səviyyəyə ucaldıb yaşadan fırça ustasıdır. 

Bir sənətkar tanıyıram...

Öz sənətinin bir yox, bir neçə janrını yaxşıca mənimsəməsi ilə yanaşı, klassik və çağdaş ədəbi irsimizə, həmçinin musiqi folklorumuza mükəmməl bələd olması Fəxrəddin müəllimə olan ehtiramımın daha da artmasına səbəb oldu. Bizim nəslin nümayəndələri yaxşı xatırlayar – ötən əsrin 70-ci illərinin sonunda Məhəmməd Hüseyn Şəhriyarın ana dilimizdə qələmə aldığı şah əsəri, məşhur “Heydər babaya salam” poeması mətbuatımızda dərc olunan kimi böyükdən-kiçiyə hamının dilinin əzbərinə çevrildi. O dövrdə Bakıda elə bir təhsil ocağı tapmaq çətindir ki, orada Şəhriyar poeziya gecələri keçirilməsin, “Heydər baba”dan nümunələr oxunmasın. Çox çəkmədi ki, bu dəyərli ədəbi abidə kitab şəklində də nəşr olundu. Bu kitabı görən kimi onu hələ varaqlamamış, üz qabığındakı illüstrasiyadan rəğbət bəslədiyini rəssamın üslubunu tanıdım. Bu illüstrasiyaların mənim gözləntilərimin doğrultmasına sevindim. Mən əmin idim ki, bu ədəbi abidəyə yalnız bir rəssam layiqli illüstrasiyalar işləyə bilər, o da, əlbəttə ki, Fəxrəddin Əlidir. Belə düşünməyə əsasım var idi. Artıq qeyd etdiyim kimi rəssam miniatür sənətimizin mahiyyətini və özəlliklərini mükəmməl qavramış sənət xadimidir. Çoxsüjetli vahid kompozisiya daxilində bir deyil, bir neçə fəlsəfi fikrin üst-üstə proyeksiya olunması qədim miniatür sənətimizə xas olan başlıca cəhətdir. Məhz bu prinsip oxucunun assosiativ təfəkkürünün fəal-laşmasına və nəticə etibarı ilə ədəbi əsərin ideya məzmununun dərindən qavranılmasına xidmət edir. Cəsarətlə qeyd edirəm ki, Şəhriyar şeiriyyəsi ilə qədim miniatür sənətimiz arasında üzvi bağlılığı, məntiqi paralelləri ilk dəfə kəşf edib təsvirə gətirən məhz Fəxrəddin Əli olmuşdur. Şəhriyar şeiri sadədir, amma bəsit deyil, sadə olduğu qədər də dərin və sanballı fikir daşıyıcısıdır və ilk baxışda bu poetik sadəliyi təsviri sənətin ifadə vasitələri ilə əks etdirmək asan görünsə də bu çox çətin, mürəkkəb və məsuliyyətli bir işdir. Bu çətinliyin öhdəsindən bacarıqla gəldi Fəxrəddin Əli və bu işdə yüksək intellektual səviyyəsinə, geniş dünya görüşünə əsaslandı. Fırça ustası olmaqla yanaşı, söz sərrafı da olması, sözün məna tutumu ilə yanaşı, onun dadını, duzunu, rəng çalarlarını belə duya bilməsi bu prosesdə həll edici rol oynadı. Balaca, əl boyda bir kitab idi, sözü gedən nəşr. O dövrdə paliqrafiya mədəniyyəti, rəngli çap imkanları indiki kimi inkişaf etməmişdi, nəşrin rəngləri bir qədər solğun çıxsa da, bəzi hallarda hətta biri-birinə qarışsa da, bu kitabın məna və məzmununun rəssamın gözü ilə görüntüyə gətirib, onun ideya-estetik mahiyyətinin oxucuya daha parlaq şəkildə təqdim olunmasına əngəl ola bilmədi. İllər ötəcək, artıq dövlət müstəqilliyi dövründə Fəxrəddin Əli yenidən Heydər baba mövzusuna qayıdacaq bu dəfə ədəbi abidə ilə təsviri sənət abidəsi biri-birinə üzvi şəkildə sintez olunaraq, hər mənada yüksək səviyyəli bir albom yaranacaq ki, onun nəfis nüsxələri Təbrizə, Şəhriyarın ev muzeyinə qədər yayılıb, göz oxşayacaq...
İlk “Heydər babaya salam” kitabı ilə tanış olandan sonra rəssamı müəllifi və aparıcısı olduğum televiziya proqramlarından birinə dəvət etdim, ədəbiyyatla təsviri sənətin sintezi haqqında maraqlı bir mükalimə quruldu. Bundan sonra bizim şəxsi münasibətlərimiz yeni səviyyəyə yüksəlib nəticə etibarı ilə əsil kişi dostluğuna çevrildi. Öyrəndim ki, çox hörmətli Fəxrəddin Əli Qərbi Azərbaycanın Mehri rayonunun Nüvədi kəndində anadan olub. İlk dəfə ibtidai məktəbin birinci sinifinə qədəm basdığı tarix ikinci dünya müharibəsinin başa çatdığı ilə təsadüf edib. O il Fəxrəddinin sinif yoldaşlarının hamısı kənd məktəbinə ayağıyalın gəlmişdi. Qıtlıq idi, müharibədən sonra hər sahədə ciddi çatışmamazlıqlar var idi. Amma nə ehtiyac, nə qıtlıq 7-8 yaşlı kənd uşaqlarının oxuyub öyrənmək, savadlanmaq, bilik qazanmaq yanğısının qarşısını ala bilmədi. Sonrakı illəri də ustad sənətkar xəfif bir təbəssümlə xatırlayır. Ordubad pedaqoji məktəbində təhsil illəri, ərzaq qıtlığı, soyuğa, sazağa dözə-dözə dərs oxuyub savadlanmaq istəyi, ilk fırça və qələm təcrübələri... Fəxrəddin Əli, çətin, mürəkkəb, bəzən məhrumiyyətlərlə dolu, eyni zamanda şərəfli bir ömür yolu keçib. Həyatda hər bir uğura özü, öz qabiliyyəti, savadı, zəhmətkeşliyi sayəsində nail olub. Ona görə də düzlüyün halallığını, xeyirxahlığın, insanpərvərliyin qədrini yaxşı bilir. Mehribandır, gülərüzdür. Demək olar ki, həmişə ilham üstündədir. Daima yeni layihələr üzərində düşünür. Bunun şahidiyəm. Onun məşhur “Muğam” layihəsinin sərgi salonundakı açılış mərasimində çıxış etmək şərəfi mənə də nəsib olub. Qeyd etmişəm ki, qədim muğamlarımız, bütöv dəstgah şəklində təsviri sənətə gətirmək özü-özlüyündə inqilabi bir ideyadır. Bu ideyanın da özəyini qədim miniatür sənətimizdə axtarmaq gərəkdir. Bu miniatürlərdə tez-tez musiqi məclislərinin təsviri ilə rastlaşır, ney, saz, ud, qaval, ərğənun və digər musiqi alətlərini görürürk və bu məxəzdən qaynaqlanıb irəliləyən təsviri sənətimizin inkişafının hər mərhələsində musiqi mövzusu onun aparıcı mövzularından biri olub. Tanınmış fırça, tişə, ilmə ustaları bu mövzuya dönə-dönə müraciət ediblər. Lakin musiqi folklorumuzun inciləri olan muğamları hissə-hissə, şöbə-şöbə təsviri sənətə gətirmək, səs sənəti olan muğamın mahiyyətini rənglər və cizgilər sənətinin dili ilə ifadə etmək ilk dəfə məhz Fəxrəddin Əlinin ağlına gəlib və ustad sənətkarın səyləri ilə bizlər musiqi sənətinin fəlsəfi-estetik məzmununa gözlərimizlə görüb dəyərləndirmək imkanı qazanmışıq. Bu seriyadan olan albom yüksək paleoq-rafiya mədəniyyəti ilə çox nəfis şəkildə nəşr olunmuş sənət nümunələridir ki, nəinki şəxsi kolleksiyaların, muzeylərin də bəzəyinə çevrilməyə layiqdir. Sevindirici fakt odur ki, ömrünün 80-ci baharını qarşılamağa hazırlaşan dünyagörmüş gənc ürəkli sənətkar bu gün də coşğun konstruktiv energetikaya malikdir, ilhamı nəinki səngiməyib, daha da qaynar olub, bu gün də azca əsən əllərindən qələm və fırça düşmür. Bunu ən yaxşı sübutu Şərq renessansının atası Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasına çox incə zövqlə işlənilmiş illüstrasiyalardır. Nizami irsinin mahir bilicisi akademik Teymur Kərimlinin bu nəşrə yazdığı ətraflı ön sözdə belə sətirlər var:
- Keçən yüzilliyin 40-cı illərində böyük Azərbaycan yazıçısı Məmməd Səid Ordubadi Nizami Gəncəvinin 800 illik yubileyinə həsr olıunmuş “Qılınc və Qələm” romanında xalqımızın xoşbəxtliyi uğrunda qılınc çalmış sərkərdə Fəxrəddini və qələm çalmış şair Nizamini əsərinin baş qəhrəmanları kimi vəsf etmişdir. 80 ildən sonra rəssam Fəxrəddin meydana çıxdı və fırçasını Nizami qələmi ilə birləşdirmək qərarına gəldi.
Hörmətli akademikin qeyd etdiyi bu qələm və fırça ittifaqı, Azərbaycan mədəniyyətinə yeni, parlaq töhfələr verdi və yenə verməkdədir! Ustad sənətkarr gözəl insan Fəxrəddin Əlini 80 illik şanlı yubileyə münasibəti ilə səmimi təbrik edir, ona möhkəm can sağlığı ilə yanaşı yeni, daha böyük yaradıcılıq uğurları diləyirik.

Yusif Günaydın
filologiya üzrə fəlsəfə doktoruскачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

02.04.18 ŞAHMAT HAQQINDA MARAQLI KİTAB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB
14.03.18 YAPON MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA
26.02.18 ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR EDİLMİŞ ANIM MƏRASİMİ KEÇİRİLİB
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

© Copyright, 2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla