ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB

24.06.19. Oxunma sayı: 254 TƏDBİRLƏR / NƏSİMİ-650
24 iyun 2019-cu il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “İmadəddin Nəsimi: sələflər və xələflər – orta əsrlər əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda XVII ənənəvi Respublika elmi konfransı keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Əlyazmalar İnstitutunun ekspozisiya zalında Nəsimi yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar. Sərgidə Əlyazmalar İnstitutunun rəssamı Fəxrəddin Əliyevin Nəsiminin şeirlərinə çəkdiyi illüstrasiyalar və şairin əsərlərindən ibarət əlyazmalar nümayiş olunub.
Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2019-cu ildə AMEA-nın bir sıra tədbirlər keçirdiyini bildirib. Akademik vurğulayıb ki, Nəsimi irsinn araşdırılmasında indiyədək əhəmiyyətli tədqiqatlar aparılsa da, şairin poetikasının öyrənilməsinə böyük ehtiyac var və bu işi görə bilən ən doğru elmi qurum Əlyazmalar İnstitutudur.
Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli konfransı açıq elan edib. Akademik klassik Azərbaycan ədəbiyyatına göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidentinə öz təşəkkürünü bildirib. T.Kərimli bildirib ki, Nəsimi yaradıcılığının araşdırılmasında Əlyazmalar İnstitutu ortaya dəyərli elmi tədqiqatlar qoyub və bu iş bundan sonra da davam etdiriləcək.
Konfrans plenar iclasla öz işinə başlayıb. İlk məruzə ilə Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov “Professor Cahangir Qəhrəmanovun nəsimişünaslıq fəaliyyəti” mövzusunda çıxış edib. Professor bildirib ki, C.Qəhrəmanov Nəsimi əsərlərinin elmi-tənqidi mətninin tərtibi nəticəsində bir sıra mübahisəli məqamlar, şairə məxsusluğu dəqiqləşdirmə tələb edən şeirlər aşkara çıxarıb. C. Qəhrəmanov Nəsimi “Divan”ının elmi-tənqidi mətnini tərtib edərkən yalnız şairin şeiriyyətinə, əsərlərinin ideya və məzmununa fikir verməyib, şairin Azərbaycan ədəbi dilindəki rolunu, dilimizin inkişafındakı mövqeyini də diqqət mərkəzində saxlayıb. P.Kərimov digər nəsimişünasların fəaliyyətindən də bəhs edib.
Azərbaycan Dövlət Pedoqoji Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Yaqub Babayev “Nəsimi poeziyasında insan konsepsiyası” adlı məruzəsində Nəsimi yaradıcılığında insan kamilliyindən bəhs edib. Alim hürufilik fəlsəfəsinə əsaslanan insan və Allah rabitəsinin Nəsimi şeirlərində əks olunmasını nümunələrlə göstərib.
“Multikultural mühitdə formalaşan Nəsiminin poetik düşüncə tərzi, yaxud Nəsiminin “quş dili”” məruzəsi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti, filologiya üzrə elmlər doktoru Laləzar Əlizadə çıxış edib. Alim Nəsiminin hürufi şair kimi öz zamanında bir çox mətləbləri açıq dillə söyləməsinin mümkünsüz olduğunu, ictimai-siyasi görüşlərini alleqorik ifadə tərzi olan “quş dili” vasitəsilə çatdırdığını söyləyib.
Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədlinin məruzə mövzusu “Nəsimi və Əttarın “Ber aməd” rədifli qəzəllərinin müqayisəli təhlili” olub.
Əlyazmalar İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayeva “İmadəddin Nəsimi şeirləri cünglərdə” mövzusunda məruzə ilə çıxış edib. Əlyazmalar İnstitutunda mühafizə olunan və Nəsimiyə aid şeir nümunələrinin yer aldığı 30 cüng üzərində araşdırma aparan T.Seyfullayeva cünglərin qısa paleoqrafik təsvirini nəzərə çatdırıb.
Sonra konfrans bölmə iclasları ilə işini davam etdirib.
“Nəsimişünaslıq müasir mərhələdə” adlı I bölmədə filologiya üzrə fəlsəfə doktoru Nailə Mustafayevanın “Nəsimi şeirlərinə yazılan təxmislər barədə”, professor Məhərrəm Hüseynovun “Nəsiminin poetik mətn memarlığında söz və musiqi birliyi”, filologiya üzrə fəlsəfə dokroru Göyərçin Abidqızının “Nəsimi Azərbaycan alimlərinin tədqiqatlarında” məruzələri, o cümlədən, müasir Azərbaycan alimlərinin Nəsimi haqqında araşdırmaları, nəsimişünaslığın tarixi barədə digər tədqiqatçıların məruzələri dinlənilib.
“Nəsiminin dili və fəlsəfəsi” adlı II bölmədə Nəsiminin yaradıcılığında hürufilik, eləcə də humanizmin və təbiətin tərənnümü məsələləri haqqında alimlərin məruzələri dinlənilib. Bu bölmədə həmçinin, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə “Nəsimi əsərlərinin dili və poetik özəllikləri”, filologiya üzrə elmlər doktoru Zəkiyyə Əbilova “Nəsimi şeirində islam əqaidi”, filologiya üzrə fəlsəfə doktoru, dosent İbrahim Quliyev “İmadəddin Nəsiminin istinad etdiyi bəzi hədislər, onların mənbələri və hədisşünaslıq cəhətdən tədqiq-təhlili” adlı məruzələrlə çıxış ediblər.





скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

12.04.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “YAZILI ABİDƏLƏRİN GÖRKƏMLİ TƏDQİQATÇISI HƏMİD ARASLI” MÖVZUSUNDA ELMİ SESSİYA KEÇİRİLİB
12.02.19 AMEA MƏHƏMMƏD FÜZULİ ad. ƏLYAZMALAR İNSTİTUTUNDA İMADƏDDİN NƏSİMİNİN 650 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLƏCƏK
10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla