ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR EDİLMİŞ ANIM MƏRASİMİ KEÇİRİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR EDİLMİŞ ANIM MƏRASİMİ KEÇİRİLİB

26.02.18. Oxunma sayı: 250 TƏDBİRLƏR

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Xocalı soyqırımının 26-cı  ildönümünə həsr edilmiş geniş tədbir keçirilib. Tədbiri institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli açaraq  qeyd edilən soyqırım aktı barədə ətraflı məlumat verdi. O,  2500 əliyalın insanın təpədən-dırnağa silahlanmış düşmənlə üz-üzə gəldiyini, 613 nəfərin şəhid olduğunu, 1275 insanın əsir düşdüyünü bildirərək bunun bəşəriyyət tarixindəki ən amansız soyqırım aktlarından olduğunu vurğuladı. 
A.Əliyeva-Kəngərli bu gün ölkəmizin hər yerində Xocalı faciəsinə həsr olunmuş tədbirlərin keçirildiyini bildirdi və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Xocalı faciəsinin beynəlxalq aləmə çatdırılması istiqamətində görülən işlər barədə məlumat verdi. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşkil etdiyi “Xocalıya ədalət” kampaniyasının artıq ciddi rezonans doğurduğunu, bir çox ölkələrin Xocalı faciəsini soyqırım aktı kimi tanımağa başladığını vurğuladı.
Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov çıxışına tarix boyu ermənilərin Azərbaycan xalqının başına gətirdiyi facilərdən danışmaqla başladı. O, 1905-1906-cı illərdə, 1918-ci ildə ermənilərin əli ilə törədilən cinayətlərin arxasında onların havadarlarının dayandığını bildirdi. P.Kərimov qeyd etdi ki, Azərbaycan  xalqı heç vaxt intiqam, qisas hissi ilə yaşamayıb, amma hiyləgər və qəsbkar ermənilərlə münasibətdə ehtiyatlı olmalıyıq. O, fikrini Qarabağın erməni işğalından mütləq azad olacağına inandığını bəyan etməklə bitirdi.
İnstitutun elmi katibi, fil.ü.f.d. Əzizağa Nəcəfov Xocalı faciəsi zamanı son damla qanınadək vuruşmuş insanların şücaət və qəhrəmanlığından söhbət açdı. O, həmin hadisələrin artıq ədəbiyyatda öz əksini tapdığını, Xocalı qəhrəmanlarının, faciə qurbanlarının bədii obrazlarının  yaradıldığını bildirdi. Ə.Nəcəfov nümunə olaraq mərhum xalq şairi Zəlimxan Yaqubun “Xocalım, ay Xocalım” şeirindən misallar gətirdi.
Sonra Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, fil.ü.e.d. və hadisələrin canlı şahidi Raqub Kərimov  hadisələrin xronologiyasına nəzər saldı. O, hələ fevralın 19-da ermənilərin Xocalını atəşə tutduğunu və əhalini öz yurd-yuvalarından çıxarmaq istədiyini bildirdi. Lakin xocalıların sona qədər mətanət və ləyaqətlə dayandığını qeyd etdi. Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d. Yusif Günaydın Xocalı qırğınını törədənlərin nə o dünyada, nə də bu dünyada bağışlanmayacaqlarını dedi.
Tədbirin sonunda Xocalıya həsr olunmuş “Ataya məktub” filmi nümayiş olundu.  İnstitutun  Kitabxana və elmi informasiya şöbəsinin təşkilatçılığı ilə hazırlanmış sərgidə Xocalı haqqında yeni əsərlər nümayiş etdirildi.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB
19.01.18 ƏLYAZMALAR İNSTİTUTUNDA “20 YANVAR-ÜMUMXALQ HÜZN GÜNÜ” ADLI ELMİ SESSİYA KEÇİRİLİB
17.02.18 KOLUMBİYA SƏFİRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
06.02.18 ƏLYAZMALAR İNSTİTUTU BEYNƏLXALQ ƏLYAZMALAR CƏMİYYƏTINƏ ÜZV SEÇİLMİŞDİR
30.11.17 AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla