AKADEMİK TEYMUR KƏRİMLİNİN "NƏSİMİ HUMANİZMİNİN ÜMUMBƏŞƏRİ ƏHƏMİYYƏTİ" MÖVZUSUNDA MƏRUZƏSİ DİNLƏNİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



AKADEMİK TEYMUR KƏRİMLİNİN "NƏSİMİ HUMANİZMİNİN ÜMUMBƏŞƏRİ ƏHƏMİYYƏTİ" MÖVZUSUNDA MƏRUZƏSİ DİNLƏNİLİB

31.05.19. Oxunma sayı: 64 TƏDBİRLƏR / NƏSİMİ-650
31 may 2019-cu il tarixində AMEA Rəyasət Heyətində keçirilən iclasda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli "Nəsimi humanizminin ümumbəşəri əhəmiyyəti" mövzusunda elmi məruzə ilə çıxış edib. Akademik bildirib ki, Nəsimi humanizmi yüksək istedadlı, təbiətdəki harmoniyaya və insan gözəlliyinə vurğun olan böyük bir şairin humanizmidir. Məruzəçinin sözlərinə görə, Nəsimi humanizminin başlıca fərqləndirici özəlliyi onun insana böyük məhəbbət duyğuları ilə yoğrulmasıdır, müasir terminlə ifadə etsək, Nəsimi aksiologiyasında ən qiymətli kapital – insan kapitalıdır. Alim nəzərə çatdırıb ki, Nəsimi özündən əvvəlki Azərbaycan poeziyasının birbaşa varisi kimi çıxış edərək ona qədər irəli sürülmüş bədii-obrazlı düşüncələri, əldə edilmiş poetik nailiyyətləri daha da inkişaf etdirib. Akademik vurğulayıb ki, Nəsimi humanizminin müasir dünyamız üçün önəmli olan cəhətlərindən biri onun mücərrəd xarakter daşımaması, konkret insan münasibətlərini, real insan gözəlliklərini əks etdirməsidir. Daha sonra akademik qeyd edib ki, Nəsimini böyük humanist sənətkar kimi düşündürən başlıca problemlərdən birini də insan cəhaləti kimi ictimai bəla təşkil edir. Şairin bir çox əsərləri məhz öz müasirini cəhalət yuxusundan oyandırmağa, ona insanlığın şərəfini anlatmağa həsr edilib.
Akademik Teymur Kərimlinin məruzəsi Rəyasət Heyətinin qərarı ilə bəyənilib. Humanitar Elmlər Bölməsinə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi haqqında" və "2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında" sərəncamları ilə əlaqədar AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə təsdiq edilmiş Tədbirlər Planının icrasının təmin olunması tapşırılıb.
Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov çıxışında akademik Teymur Kərimlinin çıxışını şərh edib. P.Kərimov bildirib ki, nəsimişünaslıq sahəsi qarşısında bir sıra vəzifələr durur, bunlardan biri Nəsimi ədəbi irsinin ortaya qoyulmasıdır ki, bu istiqamətdə də Əlyazmalar İnstitutunda iş aparılır. İkincisi, şairin həyat və yaradıcılığının araşdırılmasıdır. Professor vurğulayıb ki, 2019-cu il Nəsimi ili elan olunsa da, Nəsimi irsinin toplanması və araşdırılması bir ilin işi deyil, bu iş bəlkə də XXI əsrin sonunda görülüb başa çata bilər. Daha sonra P.Kərimov akademik T.Kərimlinin Nəsimi humanizmi ilə bağlı fikrini təsdiqləyərək söyləyib ki, Nəsimi humanizmi insanı kamilləşməyə çağırır. O, belə bir fikir irəli sürüb ki, Nəsimi yaradıcılığını araşdırarkən ona yalnız Azərbaycan miqyasında yanaşmaq düzgün deyil, Nəsimini dünya ədəbiyyatının nəhəngləri ilə müqayisə etmək lazımdır. P.Kərimov xüsusilə qeyd edib ki, Nəsiminin anadilli divanının şeirlərinin mühüm hissəsi hələ ortalıqda yoxdur. Bu əsərlər toplanmalı, Nəsimi təxəllüsü ilə yazan digər müəlliflərin əsərlərindən ayırd edilməlidir. Əlyazmalar İnstitutunun qarşısında böyük işlər durur və bütün bu məsələlər yalnız yubiley illərinə sığa bilməz, deyə P.Kərimov çıxışını yekunlaşdırıb. ​
Mövzu ətrafında Paşa Kərimovla yanaşı, akademik Muxtar İmanov, professorlar - Qəzənfər Paşayevİmamverdi HəmidovZümrüd Quluzadə, Elçin Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri və digərləri çıxış edərək fikir və təkliflərini bildiriblər.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

06.03.19 S.VURĞUN YARADICILIĞINDA AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ
06.03.19 AKADEMİK T.KƏRİMLİ NƏSİMİ HUMANİZMİ HAQQINDA
12.02.19 ELMİ ŞURADA PAŞA KƏRİMOVUN 60 İLLİK YUBİLEYİ QEYD OLUNUB
25.01.19 AKADEMİK TEYMUR KƏRİMLİNİN SƏDRLİYİ İLƏ İCLAS KEÇİRİLİB
18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla