GÖRKƏMLİ DİLÇİ ALİM QARA MƏŞƏDİYEVİN 80 İLLİK YUBİLEYİ QEYD OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



GÖRKƏMLİ DİLÇİ ALİM QARA MƏŞƏDİYEVİN 80 İLLİK YUBİLEYİ QEYD OLUNUB

13.05.19. Oxunma sayı: 19 TƏDBİRLƏR
Mayın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə bu elmi müəssisənin müasir Azərbaycan dili şöbəsinin baş elmi işçisi, Milli Məclisin yanında Toponimiya komissiyasının daimi üzvü, filologiya elmləri doktoru, professor Qara Məşədiyevin 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib. Tədbir çərçivəsində Qara Məşədiyevin elmi fəaliyyətini əks etdirən kitab və monoqrafiyalardan ibarət sərgi nümayiş etdirilib.

Konfransı AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli açaraq görkəmli alimin Azərbaycan dilçilik elminin inkişafında xidmətlərindən, şərəfli ömür yolundan, zəngin elmi irsindən danışıb. Bildirib ki, Qara Məşədiyev çoxcəhətli yaradıcılığı ilə ölkəmizdə dilçilik elmini zənginləşdirən, ona dəyərli töhfə verən, öz dəstxəti ilə seçilən elm xadimlərindən biridir. O, Azərbaycan dilçiliyinin istiqamətlərinin müəyyənləşdirilməsində, dilçiliyin aktual problemlərinin tədqiqində və tədrisində böyük xidmətlər göstərib.

Sonra akademik Teymur Kərimli Humanitar Elmlər Bölməsinin fəxri fərmanını yubilyara təqdim edib.

Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu “Professor Qara Məşədiyev: görkəmli dilçi alim, tanınmış ziyalı və xeyirxah insan” mövzusunda məruzə ilə çıxış edib. O, alimin öz intellektual səviyyəsi, təfəkkürü və xarakteri ilə onu tanıyanlar arasında xüsusi hörmət qazandığını qeyd edib. Bildirib ki, professor Qara Məşədiyev ömrünün 50 ilindən çoxunu Dilçilik İnstitutu ilə bağlayıb və uzun illər bu elmi müəssisənin onomastika şöbəsinə rəhbərlik edib. Qara Məşədiyev mahir pedaqoq kimi zəngin təcrübəsindən bəhrələnərək yüksəkixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirib. Alimin rəhbərliyi ilə 30-dan çox elmlər namizədi, 6 elmlər doktoru yetişdirilib. Onun 120-dən çox elmi məqaləsi işıq üzü görüb.
Diqqətə çatdırılıb ki, Qara Məşədiyev ömrünü Azərbaycan dilçilik elminin inkişafına, xüsusilə xalqımızın qədim tarixini özündə əks etdirən toponimlərə həsr edib. O, bir çox xarici ölkələrdə keçirilən simpozium və konfranslarda, elmi konqreslərdə elmimizi layiqincə təmsil edib. Qara Məşədiyevin elmi yaradıcılığında müasir dilçilik problemləri ilə yanaşı, Azərbaycan dilinin tarixi ilə bağlı yazılar da xüsusi maraq doğurur.
Elmi konfransda filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmlinin “Azərbaycan dilçiliyinin qocaman və ləyaqətli nümayəndəsi”, professor İsmayıl Məmmədlinin “Professor Qara Məşədiyevin ömrünün 80-ci baharı” və filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyevanın “Dəyərli alim, gözəl insan” mövzularında məruzələri dinlənilib. Məruzələrdə qeyd olunub ki, Azərbaycan onomastikasının ən layiqli nümayəndələrindən biri olan Qara Məşədiyev bu sahədə öz məktəbini yaradıb. Bu məktəb doğma xalqına, onun qədim və zəngin mədəniyyətinə, dilinə, tarixinə, ədəbiyyatına, tarixi coğrafiyasına, mifologiyasına, milli təsdiqinə əvəzsiz xidmət göstərir.
Professorlar Sayalı Sadıqova, Nizami Xudiyev, Sevil Mehdiyeva, İsmayıl Kazımov, dosent Qətibə Mahmudova, Bakı Avrasiya Universitetinin filologiya fakültəsinin dekanı, dosent Salman Süleymanov və digər çıxış edənlər dilçi alimin zəngin elmi yaradıcılığından, yüksək mənəvi keyfiyyətlərindən danışıb, yubilyarı təbrik ediblər.
Sonda professor Qara Məşədiyev tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.
Tədbirdə görkəmli alim Qara Məşədiyev haqqında sənədli film nümayiş etdirilib.




скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

12.02.19 ELMİ ŞURADA PAŞA KƏRİMOVUN 60 İLLİK YUBİLEYİ QEYD OLUNUB
25.01.19 AKADEMİK TEYMUR KƏRİMLİNİN SƏDRLİYİ İLƏ İCLAS KEÇİRİLİB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
26.02.18 ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR EDİLMİŞ ANIM MƏRASİMİ KEÇİRİLİB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla