ƏLYAZMALAR İNSTİTUTUNDA “YAZILI ABİDƏLƏRİN GÖRKƏMLİ TƏDQİQATÇISI HƏMİD ARASLI” MÖVZUSUNDA ELMİ SESSİYA KEÇİRİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNDA “YAZILI ABİDƏLƏRİN GÖRKƏMLİ TƏDQİQATÇISI HƏMİD ARASLI” MÖVZUSUNDA ELMİ SESSİYA KEÇİRİLİB

12.04.19. Oxunma sayı: 506 TƏDBİRLƏR
Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2019-cu il tarixində imzaladığı sərəncama əsasən 12 aprel 2019-cu il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Yazılı abidələrin görkəmli tədqiqatçısı Həmid Araslı” mövzusunda elmi sessiya keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli qədim və orta əsr Azərbaycan ədəbiyyatının bilicisi Həmid Araslının repressiyanın hökm sürdüyü ötən əsrin 30-40-cı illərində milli türkçülük ruhunda fəaliyyət göstərməsindən çəkinmədiyini xüsusilə vurğulayıb. T. Kərimli qeyd edib ki, H.Araslının araşdırmalarını, elmi-tənqidi əsərlərini oxuyarkən insanda, xüsusilə, gənclərdə Azərbaycançılıq, türkçülük sevgisi daha da qabarır.
İlk məruzə edən AMEA-nın Əlyazmalar İnstitutunun direktor müavini, professor Paşa Kərimov “Görkəmli əlyazmaşünas alim Həmid Araslı” mövzusundakı çıxışında qədim türk, fars və ərəb dillərinin gözəl bilicisi H.Araslının orta əsr Azərbaycan ədəbiyyatının, folklor və aşıq poeziyasının tədqiq olunmasındakı əvəzsiz rolundan danışıb. P.Kərimov qeyd edib ki, bütün elmi fəaliyyəti boyu mətnşünaslıqla məşğul olan akademikin elmi-tənqidi əsərləri onun özündən sonrakı bütün ədəbiyyatşünaslar üçün olduqca dəyərli mənbələrə çevrilib.
Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov “Həmid Araslının nizamişünaslıq fəaliyyəti” başlıqlı məruzəsində alimin dahi şair Nizaminin türk olması ilə bağlı faktları üzə çıxardığıını, şairin türkcə düşünüb siyasi səbəblərdən farsca yazdığını sübut etdiyini nümunələrlə göstərib.
Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Lamiyə Rəhimovanın məruzəsi “Böyük nəsimişünas alim Həmid Araslı” mövzusunda olub.
Məruzəçi H.Araslının araşdırmalarında dahi Azərbaycan şairi Nəsimini yalnız sufi şairi kimi deyil, eyni zamanda insan sevgisini, həyat gözəlliklərini tərənnüm edən bir şair kimi təqdim etdiyini diqqətə çatdırıb.
Ədəbiyyatşünas alimin Füzuli haqqında araşdırmaları isə Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Samirə Əliyevanın məruzə mövzusu olub. O, “Həmid Araslı füzulişünas alim kimi” adlı məruzə ilə çıxış edib. S.Əliyeva vurğulayıb ki, H.Araslının dahi Azərbaycan şairi Füzulinin anadilli divanı haqqında tədqiqatı onun mətnşünaslıq fəaliyyətinin zirvəsini təşkil edir.
Sonra digər çıxışlar dinlənilib.
Filologiya üzrə elmlər doktoru Azadə Musayeva vaxtilə Əlyazmalar İnstitutunda çalışmış Həmid Araslı haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Onun təkcə böyük əlyazmaşünas olmadığını, həm də gənc tədqiqatçılara düzgün istiqamət verdiyini dilə gətirib.
Tədbirdə iştirak edən Həmid Araslının qızı, AMEA-nın müxbir üzvü Nüşabə Araslı Əlyazmalar İnstitutunun onun üçün doğma ocaq olduğunu söyləyib və tədbirin təşkilinə görə Əlyazmalar İnstitutunun rəhbərliyinə və kollektivinə öz dərin təşəkkürünü bildirib.



скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

15.03.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “CƏFƏR CABBARLI – 120 İLLİK YUBİLEYİ, YAXUD MƏNBƏLƏRƏ YENİ BAXIŞ” MÖVZUSUNDA ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLİB
06.03.19 S.VURĞUN YARADICILIĞINDA AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ
10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla