İLK ANADİLLİ DƏRS VƏSAİTİ YENİDƏN NƏŞR OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



İLK ANADİLLİ DƏRS VƏSAİTİ YENİDƏN NƏŞR OLUNUB

02.04.19. Oxunma sayı: 186 NƏŞRLƏR
Əlyazmalar İnstitutunda fil.ü.f.d, dosent Vüqar Qaradağlının tərtibçiliyi ilə yenidən işlənmiş “Vətən dili” dərs vəsaiti kitabı ikinci dəfə nəşr olunub. V.Qaradağlının müəllifliyi ilə ilk nəşr 2007-ci ilə aiddir. Azərbaycanda ilk anadilli dərs vəsaiti hesab olunan “Vətən dili” 2 hissədən ibarətdir. Dərsliyin müəllifləri Azərbaycanın iki görkəmli maarifçisi, pedaqoqu və metodisti – Aleksey Çernyayevski (1840-1894) və Səfərəli bəy Vəlibəyovdur (1856-1902).
Çernyayevskinin müəllifi olduğu I hissə I sinif şagirdləri üçün nəzərdə tutulub. Burada rəsm, yazı nümunələri, əlifba ilə tanışlıq, əski Azərbaycan əlifbasını təşkil edən hərflərin adlarını açıqlayan cədvəllər, söz birləşmələri, qısa cümlələr, kiçik hekayələr, atalar sözləri, tapmacalar və digər folklor nümunələri yer alır. Ilk dəfə 1882-ci ildə çapdan çıxan I hissə ümumilikdə 7 dəfə nəşr olunub. Bu kitab “Vətən dili”nin 1910-cu ilə aid sonuncu – VII nəşr nüsxəsidir.
A.Çernyayevskinin S.Vəlibəyovla birgə hazırladığı “Vətən dili”nin II hissəsi yalnız bir dəfə - 1888-ci ildə nəşr olunub. Daha geniş həcmli II hissəyə müxtəlif mövzulu ibrətamiz hekayələr, folklor nümunələri, təsərrüfat əşyaları, bitki və heyvanat aləmi, coğrafiya, nəbatat, tikinti və pul haqqında məlumatlar daxildir.
“Vətən dili” dərsliyinin ərsəyə gəlməsində dövrünün görkəmli ziyalıları olan Həsənəli xan Qaradaği, Firudin bəy Köçərli, Rəşid bəy Əfəndiyev kimi maarifçi və pedaqoqların da böyük zəhməti olub.
I nəşri 2007-ci ildə işıq üzü görən “Vətən dili” tədqiqatçıların, ictimaiyyətin böyük marağına səbəb olmuş, elə həmin ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi “Vətən dili”ni ümumtəhsil məktəb müəllimləri üçün vəsait kimi tövsiyə etmişdir. Izah və qeydlərində dəqiqləşdirmələrin aparıldığı II nəşr üzə çıxarılmış yeni bir fakta görə daha da dəyərlidir; belə ki, Əlyazmalar İnstitutunun əməkdaşı Mustafa Əliyev “Vətən dili”nin II hissəsinin yazılacağı barədə A.Çernyayevski ilə S.Vəlibəyov arasında 1886-cı ildə imzalanmış müqavilə sənədini aşkar edib.
“Vətən dili” S.S. Axundov, Ü.Hacıbəyov, M.Maqomayev və bir çox görkəmli Azərbaycan ziyalılarının ilk dərsliyi olub.
“Vətən dili” kitabının tərtibçisi V.Qaradağlı eyni zamanda mətnin transfoneliterasiyasının, ön sözün, izahların, 3400-dən artıq haşiyənin, 10000-dən artıq sözdən ibarət tezlik lüğətinin və 40-dək cədvəlin müəllifidir.
Kitabın elmi redaktorları akademik Vasim Məmmədəliyev və akademik Tofiq Hacıyevdir.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

11.03.19 RƏŞİD BƏY ƏFƏNDİYEVİN “BƏSİRƏTÜL-ƏTFAL” ƏSƏRİ NƏŞR OLUNUB
23.01.19 ƏLYAZMALAR İNSTİTUTU “TÜRK ƏDƏBİYYATINA İLK QƏDƏM” DƏRSLİYİNİ YENİDƏN NƏŞR EDİB
21.12.18 FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
04.10.18 FATİMEYİ-ZƏHRAYA HƏSR OLUNMUŞ TƏDQİQAT İŞİ İŞIQ ÜZÜ GÖRÜB
16.07.18 XIX ƏSR QARABAĞ ƏDƏBİ MÜHİTİNİN AYNASI OLAN “TƏZKİREYI-NƏVVAB” YENİDƏN NƏŞR OLUNUB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla