ƏLYAZMALAR İNSTİTUTUNDA “CƏFƏR CABBARLI – 120 İLLİK YUBİLEYİ, YAXUD MƏNBƏLƏRƏ YENİ BAXIŞ” MÖVZUSUNDA ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNDA “CƏFƏR CABBARLI – 120 İLLİK YUBİLEYİ, YAXUD MƏNBƏLƏRƏ YENİ BAXIŞ” MÖVZUSUNDA ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLİB

15.03.19. Oxunma sayı: 183 TƏDBİRLƏR
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2018-ci il tarixində imzaladığı sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Cəfər Cabbarlı – 120 illik yubileyi, yaxud mənbələrə yeni baxış” mövzusunda elmi-praktiki konfrans keçirilib. Əvvəlcə Əlyazmalar İnstitutu və Cəfər Cabbarlının Ev Muzeyinin birgə əməkdaşlığı ilə böyük dramaturq, şair, rejissor və ictimai xadim Cəfər Cabbarlının Əlyazmalar İnstitutunda mühafizə olunan şəxsi arxiv materiallarından ibarət sərgiyə baxış keçirilib. Sərgidə ilk dəfə olaraq ədibin əlyazmalarının avtoqraf nüsxələri, əsərlərinin ilk nəşrləri və öz şəxsi sənədləri nümayiş olunub.
Konfransı açıq elan edən AMEA-nın Əlyazmalar İnstitutunun direktor müavini, fil.ü.e.d. Paşa Kərimov C.Cabbarlının çoxşaxəli yaradıcılığndan bəhs edib və özünün “Cəfər Cabbarlının şəxsi arxivində saxlanan xalqlar dostluğu və ədəbi əlaqələrə dair materiallar” adlı məruzəsində yazıçının milli Azərbaycan teatrının təəssübkeşi olduğunu, Azərbaycan-Tatar-Özbək teatrının inkişafında oynadığı rolu ədibin zəngin arxivində qorunan yazışmalardan misallar çəkərək vurğulayıb.
“Cəfər Cabbarlı şəxsiyyəti xatirələrdə” adlı məruzə ilə çıxış edən fil.ü.e.d. Nailə Səmədova bildirib ki, ədibin 759 saxlama vahidindən ibarət olan arxivində dram əsərləri, librettolar, şeirlər, məktublar, məqalələr və s. materialların olmasına baxmayaraq, o, yalnız bir xatirə qələmə alıb. C.Cabbarlının “Leninqrad xatirələri” adını verdiyi əlyazması onun 1930-cu ildə Azərbaycan Dram Teatrı heyəti tərkibində Leninqrada etdiyi səfəri zamanı qələmə aldığı təəssüratlarıdır.
Əlyazmalar İnstitutunun elmi katibi fil.ü.f.d. Əzizağa Nəcəfov “Cəfər Cabbarlının cümhuriyyət dövrü yaradıcılığı” başlıqlı məruzəsində C.Cabbarlının o dövr Azərbaycan ədəbiyyatı və mədəniyyətində yeni, ayrıca bir mərhələ olduğunu vurğulayıb və dramaturqun bugünkü dövrümüzlə səsləşən, aktuallığını itirməyən pyeslərində yeni nüanslar üzə çıxararaq onları təhlil edib. Ə.Nəcəfov C.Cabbarlının əsərlərində milli türkçülük ideologiyası uğrunda apardığı üstüörtülü təbliğat üsuluna aydınlıq gətirib.
Gənc alim fil.ü.f.d. Aytən Quliyevanın məruzəsi “Cəfər Cabbarlı arxivində məktublar” mövzusunda olub. O, çıxışında C.Cabbarlının dövrünün ziyalıları ilə yazışmalarından, onların yaradıcılıq münasibətlərindən danışıb.
Tədbirdə iştirak edən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini fil.ü.e.d., professor Əlizadə Əsgərli Əlyazmalar İnstitutunda C.Cabbarlıya həsr olunan tədbiri təqdirəlayiq hesab edib və məruzələrin olduqca maraqlı olduğunu vurğulayıb.
Tədbirdə iştirak edən Cəfər Cabbarlının nəvələri Bəhlul Abbasov və C.Cabbarlı Ev Muzeyinin direktoru Qəmər Seyfəddinqızı konfransın, eyni zamanda sərginin təşkili üçün Əlyazmalar İnstitutuna öz dərin minnətdarlıqlarını bildiriblər.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
24.04.18 “AZƏRBAYCAN MƏDƏNİYYƏT TARİXİNİN PROBLEMLƏRİ ƏLYAZMALARDA” MÖVZUSUNDA XVI ƏNƏNƏVİ RESPUBLİKA ELMİ-NƏZƏRİ KONFRANS
26.02.18 ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR EDİLMİŞ ANIM MƏRASİMİ KEÇİRİLİB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla