S.VURĞUN YARADICILIĞINDA AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



S.VURĞUN YARADICILIĞINDA AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ

06.03.19. Oxunma sayı: 66 TƏDBİRLƏR
Martın 6-da, AMEA Rəyasət Heyətinin iclasında AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli "Səməd Vurğun yaradıcılığında azərbaycançılıq məfkurəsi" mövzusunda elmi məruzə ilə çıxış edib.

Manuscript.az Science.az-a istinadən xəbər verir ki, akademikin məruzəsində milli ədəbi düşüncəmizin məntiqi davamı kimi təzahür edən, öz mənşəyini bilavasitə folklor təfəkkürünün etnik-mədəni potensialından götürən, dərin lirizmi və ümumbəşəri dəyərlər sistemi ilə səciyyələnən Səməd Vurğun poeziyasında ən aparıcı ideoloji tendensiyanın azərbaycançılıq məfkurəsinin olduğu diqqətə çatdırılıb. Alim sovet dövründə Səməd Vurğunun azərbaycançılıq məfkurəsinin yalnız milli-mənəvi deyil, eyni zamanda funksional olaraq milli dövlətçilik təfəkkürünün qorunması baxımından da olduqca müstəsna əhəmiyyətə malik olduğunu deyib.

Natiq vurğulayıb ki, görkəmli sənətkarın azərbaycançılıq məfkurəsi xalqın folklor təfəkkürünə, şifahi dil-üslub xüsusiyyətlərinə dayanan Azərbaycan ədəbi dilinin formalaşdırılması və inkişafı, Azərbaycan təbiətinin poetik təsviri fonunda universal Azərbaycan obrazının yaradılması, Azərbaycan tarixinin, xüsusən də dövlətçilik tarixinin şərəf səhifələrinin poetik predmetə çevrilməsi vasitəsilə milli-tarixi enerjinin müasir ictimai fikir dövriyyəsinə daxil edilməsi, müasir azərbaycanlı obrazlarının xarakter səviyyəsində formalaşdırılması ilə fərdi pozitiv azərbaycanlı obrazının yaradılması və SSRİ miqyasında normativləşdirilməsi, elmi və ictimai fəaliyyəti ilə azərbaycançılıq məfkurəsinin tədqiqi və təbliği istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi kimi poetik-fəlsəfi postulatlarda və ictimai fəaliyyət istiqamətlərində reallaşıb.

T.Kərimli Səməd Vurğunun azərbaycan­çılıq ideologiyası baxımından Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə və başqalarının birbaşa və layiqli varisi olduğunu söyləyib. Vurğulayıb ki, özündən əvvəlki klassiklərin əsərləri kimi, Səməd Vurğunun da yaradıcılığı azərbaycançılıq ideologiyasının bədii-fəlsəfi zəminini yaratmağa xidmət edib.

Ümummilli lider Heydər Əliyevin şairin 90 illik yubileyində Səməd Vurğunun şeirlərinin Azərbaycan dilini zənginləşdirdiyini və inkişaf etdirdiyini söylədiyini xatırladan T.Kərimli Ulu öndərin dahi ədibin yaradıcılığına böyük dəyər verdiyini bildirib. Böyük şairin Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biri, ömrünün sonlarında isə vitse-prezidenti olduğunu vurğulayan natiq Ümummilli liderin şairin yubileyindəki nitqindən bir hissəni diqqətə çatdıraraq dahi şəxsiyyət Heydər Əliyevin Səməd Vurğunun bir alim kimi azərbaycançılıq yönündəki fəaliyyətini yüksək qiymətləndirdiyini deyib.

Ulu öndərin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şairin 100 illik yubileyinin yüksək səviyyədə keçirilməsi ilə bağlı sərəncamını xatırladan natiq bildirib ki, bu sənəd ölkə başçısının ədəbiyyatımıza və mədəniyyətimizə göstərdiyi diqqət və qayğının növbəti göstəricisidir.

Səməd Vurğunun təkcə yaradıcılığı deyil, bütövlükdə şəxsiyyətinin də azərbaycançılıq idealına xidmət etdiyini deyən T.Kərimli şairin dostları olan rus sovet şairləri Nikolay Tixonov, Pavel Antokolski və digərlərinin onun şəxsiyyətinin böyüklüyü haqqında fikirlər irəli sürdüyünü də əlavə edib.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında akademiklər - İsa Həbibbəyli, Vasim Məmmədəliyev, Muxtar İmanov, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov, filologiya üzrə fəlsəfə doktorları - Sərxan Xavəri, Nizami Məmmədov, Xalq yazıçısı Anar və digərləri çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Rəyasət Heyətinin qərarı ilə məruzə bəyənilib. Humanitar Elmlər Bölməsinə Səməd Vurğun poeziyasının müasir nəzəri-metodoloji və milli-ideoloji trendlər əsasında yenidən araşdırılması və müvafiq monoqrafiyanın nəşrə hazırlanması, bölmənin elmi müəssisələrində fəlsəfə və elmlər doktoru hazırlığı üzrə mövzuların müəyyənləşdirilməsində Səməd Vurğun və başqa klassiklərin yaradıcılığının müasir meyarlar əsasında araşdırılmasına üstünlük verilməsi, Səməd Vurğun və digər klassiklərin irsinin azərbaycançılıq məfkurəsi işığında orta və ali təhsil müəssisələrində tədris edilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə proqram və dərsliklər hazırlanmasının təmin edilməsi və digər istiqamətlərdə tapşırıqlar verilib.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

18.01.19 ƏLYAZMALAR İNSTİTUTUNDA 20 YANVARA HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLİB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
24.04.18 “AZƏRBAYCAN MƏDƏNİYYƏT TARİXİNİN PROBLEMLƏRİ ƏLYAZMALARDA” MÖVZUSUNDA XVI ƏNƏNƏVİ RESPUBLİKA ELMİ-NƏZƏRİ KONFRANS

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla