PROFESSOR PAŞA KƏRİMOVUN 60 İLLİK YUBİLEYİ » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



PROFESSOR PAŞA KƏRİMOVUN 60 İLLİK YUBİLEYİ

11.02.19. Oxunma sayı: 72 Yubiley
Paşa Kərimov=60 Görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun direktor müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü Paşa Kərimovun 60 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, ona həyatında və elmi fəaliyyətində yeni-yeni uğurlar arzu edirik.
Paşa Kərimov həyatını elmə, ədəbiyyatımızın dərin qatlarının araşdırılmasına, klassik mətnlərin tədqiqinə, bir sözlə, böyük sənət xəzinəmizin nadir incilərinin üzə çıxarılmasına və xalqımıza çatdırılmasına sərf etmiş istedadlı alimlərimizdəndir. 1959-cu ildə Bakı şəhərində anadan olan P.Kərimov Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirdikdən sonra həyatını Əlyazmalar İnstitutuna bağlamış və bu gün də həmin institutda fəaliyyətini davam etdirməkdədir. Alim 1991-ci ildə "Əlican Qövsi Təbrizinin "Divan"ının tekstoloji tədqiqi və elmi-tənqidi mətni" mövzusunda namizədlik, 2012-ci ildə isə "XVII əsr anadilli Azərbaycan lirikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, ədəbiyyatşünaslıq elmimizə dəyərli töhfələr bəxş etmişdir.
P.Kərimov müxtəlif illərdə Ankara, Daşkənd, Kabil, Məzari-Şərif, Herat, Aşqabad, Təbriz, İslamabad və digər şəhərlərdə keçirilən beynəlxalq konfranslarda ədəbiyyatşünaslıq və mətnşünaslıq elmimizin müxtəlif problemləri ilə bağlı məruzələr etmiş, 2011-ci ildə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Vatikan və Romada təşkil olunmuş Azərbaycan Mədəniyyəti Günlərində iştirak etmişdir.
P.Kərimovun dəyərli elmi fəaliyyəti həm ölkə daxilində, həm də xaricdə yüksək dəyərləndirilmiş, alim bir sıra nüfuzlu mükafatlara layiq görülmüşdür.2012-ci ildə Türk Ədəbiyyatı Vəqfinin təsis etdiyi “Türk ədəbiyyatına xidmət baratı” mükafatına layiq görülən P.Kərimov 2015 ci ildə "Tərəqqi" medalı ilə təltif olunub. Bundan bir qədər sonra, 2017-ci il mart ayının 1-də alim İqtisadi Əməkdaşlıq Təşkilatı-nın 13-cü sammitində adıçəkilən təşkilatın “Elm və texnologiya” nominasiyası üzrə mükafatına layiq görülüb və mükafatı alimə Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif təqdim edib.
P.Kərimov “Əlican Qövsi Təbrizi “Divanı”nın tekstoloji tədqiqi”, “Qövsi Təbrizi “Divan”ının elmi-tənqidi mətni”, “XVII əsr Azərbaycan lirikası”. “XVII əsr Azərbaycan poeziyası”, “Sadiq bəy Sadiqinin türkdilli yaradıcılığı” adlı monoqrafiyaların, 50-dən artıq elmi məqalənin müəllifidir.
Ədəbiyyatımızın yorulmaz tədqiqatçısı dünyanın bir sıra fond və kitabxanaları ilə uzun müddətdir yaxından əlaqə saxlayır və ədəbiyyatımızın bir çox incilərinin surətlərinin əldə edilib ölkəmizə gətirilməsində misilsiz xidmətlər göstərir.
Görkəmli alimi anadan olmasının 60 illik yubileyi münasibətilə bir daha təbrik edir, ona uzun ömür və fəaliyyətində yeni-yeni uğurlar arzu edirik.

Raqub Məmmədov
filologiya üzrə elmlər doktoruскачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

12.10.18 TANINMIŞ MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
20.10.17 TAHİRƏ HƏSƏNZADƏ - 75
09.05.17 NƏSİB GÖYÜŞOV - 70
02.10.17 CAHANGİR QƏHRƏMANOV - 90
02.10.18 AKADEMİK TEYMUR KƏRİMLİ-65

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla