İNSTİTUTUN ALİMİ AVROPADA TƏCRÜBƏ MÜBADİLƏSİNDƏ » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



İNSTİTUTUN ALİMİ AVROPADA TƏCRÜBƏ MÜBADİLƏSİNDƏ

06.12.18. Oxunma sayı: 92 Beynəlxalq əlaqələr
Bu günlərdə AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun “Beynəlxalq əlaqələr” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Cavid Cəfərov İsveçrə, Xorvatiya, Sloveniya və Macarıstanda elmi ezamiyyətdə olmuşdur. Səfərin əsas  məqsədi İsveçrənin qədim əlyazma və əski çap kitablarının bərpası sahəsində ixtisaslaşmış bir sıra müəssisələrinin fəaliyyəti; müvafiq sahə üzrə kadr hazırlığı və tədris prosesi; Xorvatiya Milli Arxivinin və Bərpaşünaslıq İnstitutunun Konservasiya Departamentinin, “Əlyazma və sənət əsərlərinin qorunması və bərpası laboratoriyası”nın,  Zaqreb Milli və Universitet kitabxanasının “Nadir kitabların mühafizəsi və qorunması” şöbəsinin, Sloveniyada Lyublyana Milli və Universitet kitabxanası nəzdindəki Mədəni İrsin qorunması İnstitutunun “Bərpa və rəqəmsallaşdırma” şöbəsinin, Macarıstan Milli Kitabxanasının  “Sənədlərin bərpası və konservasiyası” söbəsinin işi ilə tanışlıq olmuşdur.
Ezamiyyə çərçivəsində əməkdaşımız adıçəkilən müəssisələrdə qədim əlyazma, kitab abidələri və təsviri incəsənət nümunələri üzərində aparılan bərpa, konservasiya və qrafik işləmə prosesləri ilə yaxından tanış olmuş, AMEA Əlyazmalar İnstitutunda müvafiq sahədə aparılan işlərlə bağlı həmkarlarına məlumat vermişdir.
Sözügedən müəssisələrin əməkdaşları ilə birgə üzərində qədim yazı və təsvirlər olan müxtəlif materiallar, o cümlədən fiziki və bioloji təsirlərə məruz qalmış kağız, dəri və parça nümunələrinin bərpası işində istifadə olunan vasitələrə əyani baxış həyata keçirilmişdir. Ezamiyyə dövründə kağız göbələkləri və ziyanvericilər əleyhinə qabaqlayıcı tədbirlər, həmçinin bu cür təsirlərə məruz qalmış material və mühitin dezinfeksiyası ilə əlaqədar profilaktika kompleksi barədə də əməkdaşımıza geniş məlumat verilmişdir. Əməkdaşımızın ezam olunduğu müvafiq müəssisələrdə əlyazma fondlarındakı havalandırma sistemləri, mərkəzləşdirilmiş aspirator qurğular, eləcə də hava temperaturunun və nəmlik dərəcəsinin avtomatlaşdırılmış tənzimləmə mexanizmlərinin iş prinsipi də əyani şəkildə nümayiş olunmuşdur.
Bununla yanaşı, Almaniya və Yaponiya istehsalı olan bərpa-konservasiya materiallarının-absorbent, kimyəvi təmizləyici, yapışqan və kağız növlərinin tətbiq sahələri və xassələri öyrənilmiş, onlardan nümunələr ölkəmizə gətirilərək Əlyazmalar İnstitutuna təhvil verilmişdir. Eyni zamanda, gələcəkdə həmin materialların Əlyazmalar İnstitutu tərəfindən əldə olunaraq bərpa prosesində tətbiq olunma imkanları nəzərdən keçirilmişdir.
Ezamiyyə çərçivəsində qədim əlyazmaların və əski çap kitablarının bərpası və rəqəmsallaşdırılması sahəsində tətbiq olunan müasir texnologiyalar, o cümlədən mikrosistemlər, fotoqurğular və optik tanıma sistemləri ilə də yaxından tanış olmaq imkanı əldə edilmişdir.
Qeyd edək ki, bu səfər ümumilikdə 4 mərhələdə nəzərdə tutulmuş təcrübə mübadiləsi proqramının birinci mərhələsidir. Yeni ildən başlanacaq ikinci mərhələdə isə Cexiya və Macarıstan Milli İnformasiya-Resurs Mərkəzlərinin rəsmi dəvət məktubuna əsasən əməkdaşımız C.Cəfərov 2019-2020-ci illərdə  müvafiq sahə üzrə tədris-tədqiqat prosesində iştirak etmək üçün Praqa və Budapeştə ezam olunacaqdır.



скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB
20.10.17 TAHİRƏ HƏSƏNZADƏ - 75
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB
22.02.18 İNSTİTUTUN ƏMƏKDAŞI ISI-THOMSON REUTERS İNDEKSLİ BEYNƏLXALQ JURNALIN REDAKSİYA HEYƏTİNƏ ÜZV SEÇİLİB

© Copyright 2008-2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla