Dissertasiyaya dair tələblər » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 info@manuscript.az
AZ EN


Dissertasiyaya dair tələblər

1. Elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya iddiaçının müstəqil elmi işi olaraq aşağıdakı tələblərdən birinə cavab verməlidir:

1.1. İddiaçının apardığı elmi tədqiqatlar və araşdırmalar mühüm sosial-mədəni və ya iqtisadi əhəmiyyət kəsb edən yeni və böyük elmi problemin həllini təmin edir;

1.2. Dissertasiya işində müvafiq elmi sahənin perspektiv inkişafı üçün böyük nailiyyət hesab edilə bilən yeni nəzəri müddəalar işlənib hazırlanır;

1.3. Elmi-texniki tərəqqini sürətləndirməyə əhəmiyyətli töhfə verən, elmi cəhətdən əsaslandırılmış iqtisadi, texniki və texnoloji işləmələr həll olunur;

1.4. İddiaçı fəlsəfə doktorluğu dissertasiyasının müdafiəsinə çıxardığı elmi müddəaları və nəticələri doktorluq dissertasiyasının müdafiəsinə çıxara bilməz;


2.   Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya iddiaçının müstəqil elmi işi olaraq aşağıdakı tələblərdən birinə cavab verməlidir:

2.1. dissertasiyada müvafiq elm sahəsi üçün böyük əhəmiyyət kəsb edən hər hansı məsələnin yeni həlli təklif olunur;

2.2. böyük tətbiqi əhəmiyyəti olan iqtisadi, texniki və texnoloji işləmələrin təkmilləşdirilmiş elmi şərhi verilir.

3.  Fəlsəfə doktorluğu elmi dərəcəsinin iddiaçıları AR Prezidenti yanında Ali Attestasiya Komissiyası (Komissiya) tərəfindən müəyyən edilmiş qaydada ixtisas fənnindən (dissertasiya iki ixtisas üzrə hazırlandığı hallarda həmin ixtisas fənlərinin hər birindən) namizədlik imtahanları verməlidirlər.

Fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi iddiaçılarının hazırladıqları dissertasiyanın profili üzrə elm sahəsində ali təhsilləri olmadıqda, onlar həmin elm sahəsinin ümumelmi əsaslarından əlavə namizədlik imtahanı verməlidirlər.
Doktorluq imtahanları verildiyi tarixdən altı il ərzində etibarlı sayılır. İxtisas fənni üzrə doktorluq imtahanı dissertasiyanın müdafiəsi keçiriləcəyi təşkilatda verilir. Doktorluq imtahanlarının keçirilməsi ilə bağlı xərcləri nəzdində imtahan komissiyası yaradılan müəssisə (birlik, təşkilat) ödəyir. Doktorluq imtahanlarının proqramı və imtahanların aparılma qaydası Komissiya tərəfindən təsdiq edilir. Dissertasiyanın müdafiəsi üçün birdəfəlik dissertasiya şurasının yaradılması nəzərdə tutulduğu hallarda ixtisas imtahanının veriləcəyi təşkilatı Komissiya müəyyən edir.

4. Elmi dərəcənin iddiaçıları dissertasiyanı xüsusi hazırlanmış əlyazması şəkilində təqdim edirlər.

5. Dissertasiya müəllifin təkbaşına yazdığı və açıq müdafiə üçün irəli sürdüyü elmi müddəaların və nəticələrin məcmusunu əhatə edən elmi işdir. Dissertasiya daxili vəhdətə malik olmalı, müəllifin elmə şəxsən verdiyi töhfəni əks etdirməlidir.

Müəllif tərəfindən təklif olunmuş yeni nəticələr ciddi əsaslandırılmalı, mövcud faktlarla və elmi baxışlarla müqayisədə tənqidi qiymətləndirilməlidir. Tətbiqi əhəmiyyətə malik dissertasiyada müəllif tərəfindən alınmış elmi nəticələrin praktikada tətbiqi barədə məlumat, nəzəri əhəmiyyətə mailik olan dissertasiyalarda isə elmi nəticələrin tətbiqi ilə əlaqədar tövsiyələr verilməlidir.

Dissertasiya Komissiya tərəfindən müəyyən edilmiş qaydalara uyğun tərtib edilir.

6. Dissertasiyaların mövzuları, bir qayda olaraq, müvafiq elm sahələri üzrə kadr hazırlamaq səlahiyyətinə malik (doktoranturası olan) elmi müəssisələrin və ali məktəblərin əsas elmi tədqiqat işlərinin istiqamətlərinə, habelə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının müəyyən etdiyi istiqamətlərə uyğun olmalı, həmin müəssisələrin və ali məktəblərin fakültələrinin elmi (elmi-texniki) şuralarında hər bir iddiaçı üçün ayrılıqda təsdiq olunmalıdır.

Mövzuların təsdiqi ilə eyni zamanda iddiaçının elmi rəhbəri (fəlsəfə doktorluğu dissertasiyası üzrə) və ya elmi məsləhətçinin təyin olunması barədə istəyinə uyğun olaraq elmi məsləhətçisi (elmlər doktorluğu dissertasiyası üzrə) təyin olunur.

Dissertasiya üzrə tədqiqat işlərinin iki müxtəlif təşkilatda və ya iki ixtisas üzrə aparılması planlaşdırıldıqda, elmlər doktoru, yaxud fəlsəfə doktoru elmi dərəcəsinə malik iki rəhbər təyin edilə bilər.

7. Dissertasiyaların əsas elmi nəticələri onun ilkin ekspertizasına qədər Azərbaycan Respublikasının elmi nəşrlərində və xarici  ölkələrin  təsir gücünə (impakt  faktoruna)  malik  olan,  istinad  indeksli  elmi  nəşrlərində dərc olunmalıdır.

Azərbaycan Respublikasının müvafiq elmi nəşrlərinin siyahısı Komissiya tərəfindən müəyyən edilir.

Xarici ölkələrin təsir gücünə (impakt  faktoruna)  malik  olan elmi nəşrlərində xarici dildə dərc edilmiş dissertasiyanın əsas elmi nəticələrinin Azərbaycan dilində qısa xülasəsi Komissiyaya təqdim edilməlidir.

Dissertasiyaların elmi nəticələrinin elmi nəşrlərdə dərc olunması ilə bağlı tələblər Komissiya tərəfindən müəyyən edilir.

8. İddiaçıların fəlsəfə doktorluğu dissertasiyalarının nəticələrinə dair ən azı beş, o cümlədən xarici ölkələrdə nəşr olunan təsir gücünə (impakt  faktoruna)  malik  olan jurnallarda bir, doktorluq dissertasiyalarının nəticələrinə dair isə ən azı iyirmi, o cümlədən xarici ölkələrdə nəşr olunana təsir gücünə (impakt  faktoruna)  malik  olan jurnallarda humanitar və ictimai elmlər üzrə üç, təbiət elmləri üzrə isə altı məqaləsi dərc edilməlidir. Doktorluq dissertasiyalarının müdafiəsi üçün iddiaçıların ümumiləşdirici işlərinin, humanitar və ictimai elmlər üzrə isə monoqrafiyanın olması zəruridir.

Dissertasiyanın əsas elmi nəticələrini əks etdirən dərc olunmuş işlərə, əlavə olaraq ixtiralar haqqında müəlliflik şəhadətnamələri, sənaye nümunələri və patentlər, ümumrespublika və beynəlxalq konfrans və simpoziumların nəticələri üzrə dərc olunmuş məruzə və tezislər, elektron elmi nəşrlər də aiddir.

Ümumrespublika konfrans və simpoziumlarının nəticələri üzrə dərc olunmuş məruzə və tezislərə, habelə elektron nəşrlərə dair tələblər Komissiya tərəfindən müəyyən edilir.

9. Dissertasiyanın yazılışı zamanı iddiaçı iqtibas etdiyi materialların mənbələrinə və müəlliflərinə istinad etməlidir.

Kollektiv müəlliflərə mənsub olan elmi ideya və işləmələrdən istifadə edilirsə, iddiaçı bu barədə dissertasiyada qeyd etməlidir. Müəllifinə və ədəbiyyatına istinad olunmayan özgənin materiallarından istifadə edildikdə, baxılma mərhələsindən asılı olmayaraq dissertasiyanın ekspertizası dayandırılır və iddiaçıya həmin mövzu üzrə təkrar müdafiə hüququ verilmir.

Plagiatlıq faktı təsdiq edilmiş işdə aşkarlandıqda, elmi dərəcənin verilməsi haqqında qərar Komissiyanın rəyasət heyəti tərəfindən ləğv edilə bilər.


фильмы бесплатно Можно зайти сюда newprogs.net чтобы скачать все для пк, а так же на allfilm.net посмотреть фильмы
© Copyright, 2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla