Akademik Teymur Kərimli » Əlyazmalar İnstitutu


Akademik Teymur Kərimli


Akademik Teymur Həşim oğlu Kərimli 2 oktyabr 1953-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nürgüd kəndində anadan olmuşdur. 1970-ci ildə orta məktəbi qızıl medalla, 1975-ci ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən Kəlbəcər rayonunda orta məktəbdə müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 1977-1980-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almış, 1983-cü ildə “Nizamidə tarixin romantik qavrayışı (“Yeddi gözəl” poeması üzrə)” mövzusunda namizədlik dissertasiyası, 2004-cü ildə “Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksti və yardımçısı kimi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
2006-cı ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
2010-cu ildə “Heydər Əliyev və klassik ədəbiyyat” araşdırmasına görə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı olmuşdur.
Teymur Kərimli otuz ildən artıq AMEA Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərib. Uzun illər İnstitutun “Orta əsrlər Azərbaycan ədəbiyyatı” şöbəsinə rəhbərlik edib. 2002-ci ildən Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində (2002-2003-cü və 2012-2013-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunda direktor vəzifəsinin icraçısı işləyib) çalışmışdır.
2014-cü ildən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru seçilmişdir.
1990-2000-ci illərdə “Elm” nəşriyyatının baş redaktoru işləyən Teymur müəllim bir sıra elmi jurnal və topluların redaksiya heyətinin üzvü, xeyli sayda monoqrafiyanın elmi redaktoru, altıcildlik “Azərbaycan Ədəbiyyatı tarixi”nin bəzi cildlərinin məsul redaktoru, “Molla Nəsrəddin” və “Füyuzat” jurnallarının latın qrafikası ilə kitab şəklində nəşrlərinin redaktoru olub.
Müxtəlif illərdə Rusiyada, İranda, İraqda, Türkiyədə, Suriyada, Macarıstanda, İtaliyada, Hindistanda, Fransada və MDB ölkələrində keçirilən bir sıra beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış edib.
Teymur Kərimli “Nizami və tarix”, “Görünməyən Füzuli”, “Akademik Akif Əlizadə: istedadla enerjinin harmoniyası”, “Gözəllərin axıra qalmışı”, “Şərqin qapısından dünyaya”, “Hicran ömrü”, “Akademik Əhməd Mahmudov” kitablarının, ümumtəhsil məktəblərinin X sinifləri üçün “Ədəbiyyat” dərsliyinin və yüzdən artıq elmi məqalənin müəllifidir.
Tanınmış ədəbiyyatşünas, naşir, mətnşünas, şərqşünas, şair və tərcüməçi Teymur Kərimli klassik ədəbiyyatımızın istedadlı araşdırıcısı və bacarıqlı təbliğatçısıdır. O, Nizami, Xaqani, Nəsimi, Füzuli, Xətai, M.P.Vaqif, S.Ə.Şirvani, M.Ə.Sabir, M.Şəhriyar, H.Cavid kimi görkəmli söz ustalarını öyrəndikcə, araşdırdıqca özü də bir sıra maraqlı poeziya nümunələrinin müəllifinə çevrilib.
Akademik Teymur Kərimli hazırda AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibidir.

фильмы бесплатно Можно зайти сюда newprogs.net чтобы скачать все для пк, а так же на allfilm.net посмотреть фильмы
© Copyright, 2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla